...

Dövlət təltifləri ilə bağlı qayda təsdiq edilib

Siyasət Materials 5 Fevral 2018 19:08 (UTC +04:00)
Prezident İlham Əliyev dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Dövlət təltifləri ilə bağlı qayda təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanla "Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası" təsdiq edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; Dövlət təltiflərinin hazırlanması xərclərinin (2017-ci ildə hazırlanmış və dəyəri ödənilməmiş dövlət təltifləri, habelə bu fərmanla təsdiq edilmiş "Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq 2018-ci il ərzində sifariş ediləcək dövlət təltifləri də daxil olmaqla) dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin etsin.

Azərbaycan Prezidentinin İşlər İdarəsinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

"Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli sərəncamı və "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanmasının təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 13 iyun tarixli 2865 nömrəli sərəncamı ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti