...

Volqoqradda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Siyasət Materials 10 May 2018 13:30 (UTC +04:00)
Volqoqradda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı dostluq parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Volqoqradda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Volqoqradda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı dostluq parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR) Volqorad şəhər təşkilatının sədri Dunya Əhədova, Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov, Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya, Volqoqrad şəhər administrasiyası başçısının müavini Dmitriy Lebetenko, general Vladislav Nikolayeviç Safonov, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqorad şəhər sakinləri iştirak ediblər.

Tədbirin aparıcısı Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününün qeyd edilməsinin Volqoqrad şəhərində ənənə olduğunu bildirilib, Azərbaycan Rusiya dostluğu, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında danışılıb.

Tədbirdə 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonun dostluq haqqında memorandum imzalandığı barədə məlumat verilib.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ulu Öndərin misilsiz fəaliyyətindən, Rusiya-Azərbaycan dostluğu haqqında danışıb. Daha sonra tədbir iştirakçılarını Ulu Öndərin 95 illik yubileyi və 9 may – Qələbə günü münasibəti ilə təbrik edib.

Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya Ümummilli Liderin xalqı və dövləti naminə gördüyü işlərdən danışıb. Bildirib ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında dostluq əbədi olub. Şəhər rəsmisi Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd edib. Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevaya gənc nəslin təhsili və tərbiyəsində, mənəvi dəyərlərin formalaşdırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzi sahəsində layihələrin həyata keçirilməsində məhsuldar əməkdaşlığa görə ünvanlanan təşəkkür məktubunu oxuyub.

Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov Ulu Öndərin anadan olmasının 95-ci ildönümü və qələbənin əldə edilməsinin 73 illik münasibəti ilə təbriklərini çatdırıb, azərbaycanlıların qələbənin əldə olunmasında rolundan danışıb.

Tədbirdə iştirak edən fəxri qonaq general Vladislav Nikolayeviç Safonov tədbir iştirakçılarını salamlayaraq, dahi Heydər Əliyev haqqında olan xatirələrini, onunla görüşlərini və söhbətlərini danışıb.

Qeyd edək ki, o, ilk dəfə Baykal Amur Magistralı (BAM) inşa edilərkən Heydər Əliyev SSRİ-nin rəhbərliyində olan şəxs kimi oraya gəldikdə Ulu Öndərlə görüşüb. V.N.Safonov BAM-da Heydər Əliyevlə görüşən hər bir insanın ona valeh olduğunu bildirib. Sonradan o, 90-cı illərdə Azərbaycana gəldiyini və yenicə müstəqilliyinə qovuşmuş ölkənin çətin vəziyyətdə olduğunu, Ulu Öndərin onunla görüşdüyünü və Azərbaycanın çiçəklənməsi üçün əlindən gələcəyini bildirdiyini qeyd edib.

General Vladislav Safonov bu gün Azərbaycanın inkişafını gördüyünü və Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xüsusilə vurğulayıb. Bildirib ki, dövlətçiliyi qoruyan Heydər Əliyev, iqtisadiyyatın inkişafına nail olub, Azərbaycanın dünya ölkələri arasında xüsusi yerinin olması üçün titanik əmək sərf edib. O dahi şəxsiyyəti şəxsən tanıdığını və onunla dosluq etdiyini fəxrlə xatırlayıb.

Azərbaycana, xüsusilə Bakıya vurğunluğunu bildirən general Safonov Bakını dünyanın ən təhlükəsiz şəhəri adlandırıb. General Safonov Azərbaycan xalqının Böyük Vətən müharibəsində olan iştirakını qeyd edərək, tədbir iştirakçılarını bu iki gözəl tarix münasibəti ilə təbrik edib.

Çıxış edən digər qonaqlar görkəmli dövlət xadiminin veteranlara göstərdiyi diqqəti qeyd ediblər. Bildiriblər ki, Heydər Əliyev harda olubsa - orda qələbə olub. Qeyd edilib ki, ulu öndər xalqlar arasındakı dostluq və sevginin nümunəsidir, Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində ümummilli liderin mühüm xidmətləri var.

Sonra Qafqaz ritmləri ansamblının ifasında “Uzun dərə” rəqsini seyr edilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzüblər, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra iştirakçılar göyə Ulu Ondərin xatirəsinə həsr olunmuş şarlar uçurublar.

Tədbir maraqlı konsert proqramı ilə davam edib. Volqoqradın çoxmilli kollektivlərinin bir-birindən maraqlı ifaları, rəqslər, Ümummilli Liderə həsr olunan mahnılar, idmançıların çıxışları böyük maraqla qarşılanıb.

Daha sonra tədbir iştirakçıları bayram süfrəsi arxasında bayramı qeyd ediblər.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti