...

Prezident İlham Əliyev: Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir

Siyasət Materials 1 Sentyabr 2018 18:40 (UTC +04:00)
Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.
Prezident İlham Əliyev: Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir

Bakı. Trend:

Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli Vladimir Vladimiroviç. Hörmətli xanımlar və cənablar. Vladimir Vladimiroviç, ilk növbədə Rusiyaya səfərə dəvətə, qonaqpərvərliyə, səmimi qəbula görə Sizə təşəkkürümü bildirmək istərdim.

Siz qeyd etdiyiniz kimi, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz son üç ayda üç dəfə görüşmüşük. Bu, üçüncü görüşümüzdür. İyunda Moskvada Futbol üzrə Dünya Çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və bu gün Soçidə görüşürük. Fürsətdən istifadə edib, Rusiyanı həmin qlobal beynəlxalq tədbirin uğurla keçirməsi, Rusiya yığmasını Dünya Çempionatında parlaq çıxışı münasibətilə bir daha təbrik etmək istərdim.

Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir”.

İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir: “Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı.

Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.

Azərbaycan Prezidenti əlavə edib: “Biz iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik. Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir”.

İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir: "Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır.

Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç Şimal-Cənub layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

Dövlət başçısı deyib ki, bu gün neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalandı: “Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir. Çox yaxşı potensial və perspektivlər var. Vladimir Vladimiroviç Azərbaycanda bir sıra mühüm nəqliyyat, infrastruktur, sənaye layihələrinin həyata keçirilməsində Rusiya banklarının fəal iştirakını qeyd etdi. Biz bunu çox alqışlayırıq.

Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır.

Humanitar sahədə əməkdaşlıq diskussiyalarımızda xüsusi yer tutdu. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur. Bu gün biz humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsinə dair gələcək addımlarımızı müzakirə etdik, o cümlədən idman sahəsində imzalanmış sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Başqa sözlə, ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır.

Vladimir Vladimiroviç, dəvətə, baş tutmuş fikir mübadiləsinə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Öz növbəmdə, Sizin üçün münasib vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istərdim. Sağ olun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti