Bakı. Trend:
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində İsrailin Akko şəhər bələdiyyəsi, Azərbaycandan gəlmiş Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi və “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı Azərbaycan tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım günü keçirib.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun təşkil etdiyi bu tədbir və fotosərgidə İsrail parlamentinin deputatları, o cümlədən “İsrail-Azərbaycan” parlamentlərarası dostluq komissiyasının rəhbəri Robert İlatov, fövqəladə və səlahiyyətli səfir Yosef Şaqal, Akko şəhəri və Şimali İsrailin baş ravvini Yosef Yaşar, İsrailin dağ yəhudilərinin baş ravvini Yaniv Naftali, STMEGİ fondunun nümayəndəsi Robert Abramov, Kiryat Yam, Kiryat Ata və Karmiel şəhərlərinin mer müavinləri, eləcə də Azərbaycandan gəlmiş yəhudi icması iştirak edib.
Azərbaycan tərəfindən tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, Prezident Administrasiyasının nümayəndəsi Məhsəti Əliyeva, Milli Məclisin deputatları Rasim Musabəyov və Sevinc Fətəliyeva iştirak edib.
Tədbiri giriş sözü ilə açan Akko şəhərinin meri Şimon Lankri Xocalı soyqırımı ilə əlaqədar dərin hüznünü ifadə edib və ümidvar olduğunu bildirib ki, Azərbaycanın işğal olunmuş əraziləri tezliklə azad ediləcək və bir milyondan çox qaçqın və məcburi köçkün doğma yurdlarına qayıdacaq: “Mən dəfələrlə vurğulamışam ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirəm”.
Akko şəhəri və Şimali İsrailin baş ravvini Yosef Yaşar qeyd edib ki, erməni qoşunlarının dinc azərbaycanlı əhaliyə qarşı vəhşiliyindən şoka düşüb: “Biz, Holokostu yaşamış bir xalq kimi, azərbaycanlı dinc əhaliyə qarşı törədilən bu vəhşiliyi pisləyirik”.
“İsrail-Azərbaycan” parlamentlərarası dostluq komissiyasının rəhbəri Robert İlatov bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və Azərbaycan xalqına dərin hüznünü ifadə edib: “Biz hər zaman dinc əhaliyə qarşı istənilən zorakılığı pisləmişik. Xocalıdan olan o dəhşətli görüntülər dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qanlı cinayətin, zorakılığın təsdiqidir”.
Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə tədbir iştirakçılarını “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyəti barədə məlumatlandırıb:
“Bu məlumat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən işə salınıb. Kampaniyanın əsas məqsədi faciə qurbanlarının xatirəsini anmaq, bu barədə məlumatları gələcək nəsillərə ötürmək, faciədən sağ qalanları dəstəkləmək və onlara kömək göstərməkdir”.
“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, israilli ekspert Arye Qut Xocalı soyqırımı və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı barədə sənədli təqdimatı nümayiş etdirdi: “27 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal atında saxlayır. Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması məlum faktdır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xocalı əhalisinin kütləvi məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi”.
Prezident Administrasiyasının nümayəndəsi Məhsəti Əliyeva vurğulayıb ki, Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli cinayətlərindən biridir: "Bu, “Böyük Ermənistan” və monoetnik dövlət yaradılmasının ideya müəllifləri tərəfindən törədilib. Azərbaycan dövləti və xalqı heç vaxt Xocalı faciəsini unutmur və unutmayacaq. Bu cür vəhşiliyin 20-ci əsrin sonunda dünya ictimaiyyətinin gözləri qarşısında baş verməsinə inanmaq çətindir”.
Azərbaycanlı politoloq və Milli Məclisin deputatı Rasim Musabəyov tədbir iştirakçılarına Xocalı soyqırımının günahkarlarının cəzasız qalması barədə danışıb: “Təəssüf ki, Xocalıdakı soyqırım aktının təşkilatçıları, ideoloqları ictimai mühakimədən qaça bilib. Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri həbs olunmaq əvəzinə prezident, nazir olub və xarici ordenlərlə mükafatlandırılıb”.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, Xocalıdakı qırğın Azərbaycan tarixinin qanlı səhifəsidir: “Biz həlak olanların xatirəsini hüznlə anırıq və intiqam deyil, ədalət tələb edirik! Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq məlumat kampaniyası ona görə “Xocalıya ədalət” adlanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ədaləti önə çıxarır və Xocalıda hərbi cinayətlərdə təqsirli olanların məsuliyyətə cəlb olunmasına çağırır”.
Deputat əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinə və zorakılığa son qoyulmasının yeganə üsulu Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur etməkdir. O vurğulayıb ki, dünya ictimaiyyətinin üzərində məhz bu məsuliyyət dayanır.