Bakı. Trend:
Bu gün biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə giriş nitqində deyib.
Dövlət başçısı bildirib: "Əvvəlki dövrlərdə mənim sədrliyimlə çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq üzrə müşavirələr keçirildi. Bu ənənəvi sahələr inkişaf edir. Biz siqareti ixracyönümlü məhsul kimi görürük. Bu il Sumqayıtda yeni siqaret fabriki açıldı, Bakıdakı fabrik yenidən quruldu. Biz həm idxaldan asılılığı azaldırıq, həm də böyük ixrac imkanı yaradırıq. Yəni, bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir. Sadəcə olaraq, dövlət diqqəti azalanda bu sahələr məhvə doğru gedirdi, o cümlədən üzümçülük. İndi mən bunu qeyd etdim, Ulu Öndərin vaxtında 2 milyon ton üzüm istehsal olunurdu, onlarla şərab zavodu fəaliyyət göstərirdi. Hamısı sıradan çıxdı, məhv edildi. O zavodların materialları satıldı, yəni, böyük bir cinayət törədildi və demək olar ki, bu sahə itib-batmışdı. Mən rəqəmlərə baxanda gördüm ki, bir neçə il bundan əvvəl cəmi 100 min ton üzüm istehsal olunurdu, yeni bağlar salınmırdı. Çünki əl vermirdi, gərək xərcləyəsən, 5-6 il gözləyəsən, məhsul götürəsən, sonra hara satasan? Şərab zavodları yox, emal yox, ona görə üzümçülük batıb gedirdi. Bir də ki, əlbəttə, Ulu Öndər Azərbaycandan gedəndən sonra burada rəhbərlik etmiş şəxslər də bu cinayətin törədilməsində fəallıq göstərirdilər, üzüm bağlarını qırırdılar. Bu, böyük bir cinayətdir. Nə Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə Ermənistanda bunlar olmadı. Ancaq burada, nəyə görə? Çünki buraya Qorbaçov tərəfindən cəza kimi bir yaramaz adam göndərildi, onun da əsas məqsədi Azərbaycanı məhv etmək idi və buna nail olmağa çalışırdı. Ancaq Azərbaycan xalqı imkan vermədi və cinayət törədəndən sonra 1990-cı ildə buradan qaçdı. Ondan sonrakı dövrdə - xüsusilə AXC-Müsavat antimilli qruplaşma hakimiyyətə gələndə onlar, ümumiyyətlə, başa düşmürdülər, anlamırdılar ki, kənd təsərrüfatı nədir. Onların məqsədi talançılıq idi, Ləl-Cəvahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət.
Ancaq bu gün biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm onların adı hansı dəftərdə var, amma, hər halda, bunu artıq biz demirik, bunu mötəbər qurumlar deyir. Biz güclü dövlətlər sırasında 45-ci yerdəyik. Bir neçə inkişaf etmiş ölkəni qabaqlamışıq. Hələ mən Davos reytinqlərini demirəm, onu dəfələrlə demişəm. Bax, budur bugünkü Azərbaycan.
Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq.
Bu il zəlzələ olmuşdur. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın.
Beləliklə, bu gün pambıqçılıqla bağlı məsələlər müzakirə olunarkən bir daha demək istəyirəm ki, mən görülmüş işlərə çox yüksək qiymət verirəm, bütün qurumlar fəal işləyiblər. Prezident Administrasiyası bu işləri koordinasiya edib. Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanlarının bir çoxu yaxşı nəticələr əldə ediblər, pis göstəriciləri olan rayonlar da nəticə çıxarmalıdır".