Bakı. Samir Əli - Trend:
Azərbaycanda icra başçısının rüşvət alarkən yaxalanması ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərində yeni mərhələnin başlanmasından xəbər verir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, bu hadisə bir daha onu göstərir ki, vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər kəs törətdiyi cinayətə görə cavab verməlidir: "Prezident İlham Əliyev son dövrlər keçirdiyi bütün müşavirə və digər tədbirlərdə bu məsələyə xüsusi toxunub və elan edib ki, biz rüşvətxorluq və korrupsiya bəlasından xilas olmalıyıq. Və bütün gücümüzlə buna qarşı mübarizə aparmalıyıq, cəmiyyətdə bu neqativ, cinayət hallarının kökünü kəsməliyik. Son hadisələr bir daha cənab Prezidentin dediyi sözləri təsdiqlədi. Kiməsə elə gəlməsin ki, bu hal müvəqqəti kampaniyadır. Bu, davamlı olacaq və ölkənin bütün sahələrini əhatə edəcək".
E.Məmmədov əlavə edib ki, bütün dünyada korrupsiya ilə bağlı mübarizə tədbirləri aparılır: "Hətta özünü demokratik hesab edən aparıcı dövlətlərdə də korrupsiya və rüşvətxorluq faktları müəyyən səviyyələrdə var. Cənab Prezident də bu faktlara qarşı mübarizə tədbirlərinin aparılmasını bir tələb kimi ortaya qoyub. Biz həmin tələb əsasında korrupsiyaya qarşı mübarizə aparmalı və bunun kökünü kəsməliyik. Hər kəs öz sahəsində şəffaflığa, qanuna əsaslanmalıdır. Cəmiyyətdə, dövlətdə, ölkədə çox dəqiq bir tərəzi var - bu da xalqın gözüdür, ictimaiyyətdir, mediadır. Yəni onlar bu neqativ halları həmişə görüb, deyir və işıqlandırır. Cənab Prezident də bu faktları həmişə qeyd edir, araşdırır. Bu, yalnız icra hakimiyyəti səviyyəsində deyil, ən kiçik vəzifə sahibindən ən böyük vəzifəyə qədər - hamı nəticə çıxarmalı, işində məsuliyyətli olmalı, fəaliyyətində ciddi dönüş etməlidir. Artıq o dövr çoxdan keçib ki, kimsə bu ölkədə özünü toxunulmaz hesab etsin. Qanun hamı üçün eynidir".
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nizaməddin Quliyev dekabrın 20-də dövlət başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.