...

Ceyhun Məmmədov: Virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə və böyük məsuliyyət düşür

Siyasət Materials 10 Aprel 2020 22:47 (UTC +04:00)
Ceyhun Məmmədov: Virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə və böyük məsuliyyət düşür

Bakı. Elçin Mehdiyev - Trend:

Virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə və böyük məsuliyyət düşür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, Azərbaycan hökuməti insanların koronavirus infeksiyasına yoluxmaması və sağlamlığının təmin olunması üçün ilk gündən ciddi qərarlar qəbul etməyə, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başladı. Prezident İlham Əliyev virusun zərərlərinin minimuma endirilməsi məqsədilə bir neçə sərəncam imzaladı, xalqa bir neçə müraciət ünvanladı:

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xalqa müraciəti oldu. Həyata keçirilən uzaqgörən tədbirlər nəticəsində bir çox inkişaf etmiş Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda vəziyyət nəzarətdən çıxmadı. Zamanında bu qabaqlayıcı addımlar atılmasaydı, ölkəmizdə də çox ciddi probemlər yaşanardı".

Deputat vurğulayıb ki, virusla mübarizədə vətəndaşlarımızın da üzərinə ciddi vəzifə və böyük məsuliyyət düşür:

"Dövlət bütün addımları atır. Vətəndaşlar dövlətin müəyyən etdiyi qayda və normalara tam əməl etməlidirlər. Bu virusun yayılmaması üçün vətəndaşlarımız daha məsuliyyətli olmalıdır. Əks halda, virus ölkəmizdə daha çox yayılar, çox ciddi problemlərlə üzləşə bilərik.

Xarici təcrübə göstərir ki, vaxtında izolyasiya tədbirlərinin həyata keçirildiyi və vətəndaşların dövlətin çağırışlarına əməl etdiyi dövlətlərdə xəstəlik az yayıldı. Vətəndaşların bu məsələyə məsuliyyətsiz yanaşdığı ölkələrdə məhz bu səbəbdən vəziyyət ürəkaçan deyil. Buna görə də hər birimiz daha məsuliyyətli olmalıyıq".

C.Məmmədov əlavə edib ki, pandemiyanın dünya ölkələrinin iqtisadiyyatına da ciddi təsirləri oldu:

"Virusun yayılması özü ilə bərabər müəyyən iqtisadi çətinliklər də gətirdi. Karantin tədbirləri ilə bağlı bir sıra müəssisələrin fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edildi. Bu səbəbdən yaranan çətinliklərin aradan qaldırılması üçün dövlət öz iqtisadi paketini açıqladı, tədbirlər planı hazırladı, vətəndaşına sahib çıxdı, lazımi bütün addımları atacağını bəyan etdi. Artıq ölkə vətəndaşları bu gündən etibarən dövlətin ayırdığı maliyyə yardımlarından bəhrələnməyə başlayıblar.

Bu gün həmrəyliyə, bərabər olmağa çox ehtiyacımız var. Biz birlikdə güclüyük. Cənab Prezidentin də qeyd etdiyi kimi, xalqımız bu problemdən də üzüağ çıxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti