...

Sevinc Fətəliyeva: Dövlətin gördüyü tədbirlər şübhəsiz ki, xalqın sağlamlığını təmin etmək məqsədi daşıyır

Siyasət Materials 10 Aprel 2020 22:12 (UTC +04:00)
Sevinc Fətəliyeva: Dövlətin gördüyü tədbirlər şübhəsiz ki, xalqın sağlamlığını təmin etmək məqsədi daşıyır

Bakı. Trend:

Ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir.

Bu sözləri Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, dövlət tərəfindən görülən bütün tədbirlər şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycan rəhbərliyinin koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər gördüyünü diqqətə çatdırıb, həyata keçirilən işləri müsbət qiymətləndiriblər.

“Koronavirus infeksiyası ilə mübarizə tədbirləri Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Hazırda müvafiq strukturlar bu məqsəd üçün səfərbər olunub. Yaranmış şəraitlə əlaqədar Azərbaycan Prezidenti tərəfindən iqtisadiyyatımızı, insanlarımızın sosial həyatını qorumaq üçün çox mühüm qərarlar verilib. Hökumət dövlət başçısının tapşırıqlarına uyğun müvafiq tədbirlər həyata keçirir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva ixtisasca həkimdir və təbii ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə bağlı paylaşımında qeyd edib ki, yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir: “Dövlətimizin bütün mümkün maddi imkanları epidemiyanın və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən qabaqcıl elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilas edilməsi naminə səylə çalışırlar. Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr öz profillərini sürətlə dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir... Tibb işçilərimizə - həkimlərə, tibb bacılarına, sanitariya xidməti işçilərinə gəlincə, mübaliğəsiz demək olar ki, onlar hər gün peşəkar işçi və əsl vətəndaş kimi igidlik nümunəsi göstərirlər”. Mehriban xanım Əliyeva xalqa müraciətində xüsusi karantin rejiminə ciddi əməl etməyə, zərurət olmadıqda vətəndaşları evdən çıxmamağa çağırıb. Düşünürəm ki, bu müraciətə hər kəs ciddi əməl etməli, özünü və cəmiyyəti qorumalıdır”, - deyə S.Fətəliyeva vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti