...

Tural Gəncəliyev: Qondarma “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır

Siyasət Materials 15 Aprel 2020 12:03 (UTC +04:00)
Tural Gəncəliyev: Qondarma “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər” keçirməklə Azərbaycan tərəfindən bu il ərzində ikinci sarsıdıcı zərbə almış oldu. Qondarma “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev bildirib ki, bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri arasında canlı efirdə keçirilən debat zamanı Prezident İlham Əliyev bütün aspektlər üzrə Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu və 30 ilə yaxındır ki, Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal altında saxlanıldığını dünyaya bəyan etdi:

“Bununla Azərbaycan Prezidenti Ermənistanın indiyə qədər apardığı daxili-xarici siyasəti darmadağın etdi. Martın sonunda Dağlıq Qarabağda keçirilən “seçkilər” isə Ermənistan hakimiyyətinə ikinci sarsıdıcı zərbə oldu”.

T.Gəncəliyev qondarma “seçkilər”lə bağlı müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların bəyanatlarını müsbət qiymətləndirib:

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa, Rusiya, ATƏT-in Parlament Assambleyası işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”lə bağlı bəyanat yaydılar. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlar bu qondarma “seçkilər”i pislədilər. Təbii ki, bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasəti və bu siyasətin arxasında dayanan güclü, məntiqli iradənin nəticəsində baş verdi".

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasətinin qələbələr seriyası davam edir:

"Düşünürəm ki, biz yaxın gələcəkdə Ermənistana vurulan növbəti sarsıdıcı zərbələrin şahidi olacağıq”.

Millət vəkili, həmçinin bildirib ki, Ermənistan düşdüyü uğursuz vəziyyətdən çıxmaq üçün yollar axtarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti