Bakı. Trend:
Ermənistanın Dağlıq Qarabağda qanunsuz fəaliyyətini pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "The London Post" qəzetinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"in keçirilməsi Azərbaycan Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və buna görə də heç bir hüquqi qüvvəyə malik olmayacaq.
E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi "seçkilər"lə bağlı bəyanat verib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə biləcəyini vurğulayıb:
“Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq, eləcə də əməkdaşlığın bərpasından sonra mümkün olacaq”.
Nazir vurğulayıb ki, əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i qəti şəkildə rədd edib və bunun qeyri-legitimliyini elan edib: “Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRK PA və digər beynəlxalq təşkilatlardan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən və çoxsaylı dövlətlərdən gəlmiş ayrı-ayrı bəyanatları qeyd etməliyik. Əlbəttə ki, bu qanunsuz hərəkətləri pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır, yəni beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır”.
E.Məmmədyarov Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə əsaslanaraq, 20 ildən çoxdur sülh danışıqlarında iştirak etdiyini diqqətə çatdırıb: “Əldə etmək istədiyimiz şey regionumuzda əmin-amanlıq və firavanlıqdır. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasından, erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasından və köçkün Azərbaycan əhalisinin öz evlərinə qayıtmasından sonra mümkündür. Ümumiyyətlə, Azərbaycanın Konstitusiyasına və ölkənin müvafiq qanunvericiliyinə əsasən, seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirilməsində ölkə Konstitusiyasının və qanunlarının pozulması o qədər aşkardır ki, Konstitusiya Məhkəməsi bu "seçki"ni nəzərə almadı”.
Nazir əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlərin aparıcı iştirakçılarından gözləntisi BMT Təhlükəsizlik Şurasının tələblərinin icrası ilə bağlıdır:
"Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə məqsədyönlü fəaliyyət aparılır. Bu cür hərəkətlər, o cümlədən qondarma "seçkilər" beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaşmır və geniş beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir".