...

Ombudsman Aparatının əməkdaşları Avropa Şurasının nümayəndələri ilə onlayn müzakirədə iştirak ediblər

Siyasət Materials 20 Aprel 2020 13:00 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Avropa Şurasının nümayəndələri ilə onlayn müzakirədə iştirak ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Avropa İttifaqının dəstəyi və Avropa Şurasının təşkilatçılığı ilə keçirilən onlayn müzakirədə iştirak ediblər. Müzakirələr “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihə çərçivəsində təşkil olunub.

Trend-in məlumatına görə, onlayn görüşün məqsədi Azərbaycan Ombudsman institutu ilə birgə ayrı-seçkiliklə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi, milli qanunvericiliyin təhlilinin aparılması və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müzakirələr aparmaq olub.

Görüş zamanı Aparatın əməkdaşları Avropa Şurasının nümayəndələrinə milli qanunvericilikdə hüquq bərabərliyinin təmini ilə əlaqədar müddəalar, həmçinin Müvəkkilin bu sahədəki fəaliyyəti barəsində məlumat veriblər. Qeyd olunub ki, hüquq bərabərliyinə hörmət Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin səciyyəvi xüsusiyyətlərindəndir.

Azərbaycanın tarix boyu müxtəlif milli-etnik və dini mənsubiyyətə malik xalqların sülh və mehribanlıq şəraitində birgə yaşadığı məkan olduğu diqqətə çatdırılıb. Bildirilib ki, tolerantlıq nümunəsi olan Azərbaycanda multikulturalizm həm cəmiyyətin həyat tərzi, həm də dövlət siyasətidir.

Onlayn görüş zamanı ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsman institutlarının rolunun əhəmiyyətindən bəhs edilib, bu sahədə Azərbaycan Ombudsmanının Avropa Şurası, BMT və digər aidiyyəti qurumlarla əməkdaşlığı müsbət qiymətləndirilib.

Qeyd olunub ki, Aparatın əməkdaşlarının ayrı-seçkiliklə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək bilik və bacarıqlarını daha da artırmaları Ombudsmanın bu sahədəki fəaliyyətinin səmərəliliyini yüksəldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti