...

Tədqiqatçı: Ermənistanın işğalçılıq planının qarşısının alınması üçün aparılan müharibə AXC üçün ən ciddi sınaq idi

Siyasət Materials 28 May 2020 14:04 (UTC +04:00)
Tədqiqatçı: Ermənistanın işğalçılıq planının qarşısının alınması üçün aparılan müharibə AXC üçün ən ciddi sınaq idi
Tədqiqatçı: Ermənistanın işğalçılıq planının qarşısının alınması üçün aparılan müharibə AXC üçün ən ciddi sınaq idi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyəti ilə əlaqədar AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Trend-ə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- AXC-nin süqutuna hansı amillər səbəb oldu? Həmin dövrdə Azərbaycan rəsmiləri bu amilləri aradan qaldırmaqla dövləti yaşada bilərdilərmi?

- Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika, milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə, eləcə də regional güclərlə yanaşı, xalqımıza düşmən kəsilmiş erməni daşnakları da az rol oynamırdılar.

AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərib. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. 1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyətin çox gərgin olması, sovet müdaxiləsinin olma təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf istiqamətində baxış və mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının yaranması, parlament və hökumətdə parçalanmanın, mövcud dövlət quruluşunu devirmək istəyən qrupların meydana gəlməsi, regional güclərin hərbi-siyasi və geostrateji planlarında Azərbaycanı işğal etmək planlarının olması, hətta onun adının “Azərbaycan” olmasını belə qısqanclıqla qarşılayanların olması (AXC-nin qurucusu Məmməd Əmin Rəsulzadə “Ah Azərbaycan! Biz sənin haqqını tələb etmək üçün deyil, yalnız adını söyləmək üçün nə qədər töhmətlərə məruz qaldıq” demişdir”) və s. səbəblər AXC-nin süqutuna gətirib çıxardı. Moskva siyasətində Bakı Qafqazın inqilabi, Yaxın Şərq üçün siyasi mərkəzi hesab ediridi. Lenin isə deyirdi: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin".

27 aprel 1920-ci il hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında parlamanın qərarı parlamentin sədri Məmməd Yusif Cəfərov, dəftərxana direktoru Vəkilov imzalamışdılar. Sənəd 6 may 1920-ci ildə “Kommunist"qəzetində dərc edilib.

Həmin dövrdə AXC rəsmilərinin Cümhuriyyətimizin müstəqilliyin uğrunda apardıqları fəaliyyətə nəzər yetirdikdə görürük ki, AXC hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışıb, Zəngəzurun bir hissəsinin itirilməsinə baxmayaraq, Qarabağ və Naxçıvanın itirilməsinə, erməni və onları dəstəkləyən güclərin ölkəmizi işğal etməsinə yol verməmiş, bu məsələdə ingilislər və ABŞ ilə diplomatik danışıqlar aparıb. Yerli əhalinin mübarizəsi nəticəsində Qarabağ və Naxçıvan ərazisinin Azərbaycanın tərkib hissəsi olmasına nail olunub.

- İran AXC-ni bir dövlət kimi tanımağa niyə tərəddüd edirdi və sonradan nəyə görə o, Azərbaycanı ilk tanıyan ölkələrdən biri oldu?

- AXC-nin İran Qacar dövləti ilə bağlı mövqeyinə nəzər saldıqda görürük ki, 1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan edilib və Azərbaycanın 6 bənddən ibarət “Milli istiqlal bəyannaməsi”ndəki müstəqil və qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal münasibətlərin yaranmasını tələb edirdi. AXC-nin Osmanlı imperiyasında ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminli “Xarici siyasətimiz” əsərində yazırdı: “Rusla İranın arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlar. İran da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri arasında dostluq hüsulə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı sipər qazanar”.

Y.V.Çəmənzəminli “Müstəqilliyimizi istəyiriksə...” adlı digər əsərində yazır: “Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə (yanlış anlamlara) səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaq”.

İran Qacar Dövlətinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı siyasətini araşdırdıqda şahid oluruq ki, İranın rəsmi diplomatik nümayəndələri “Azərbaycan” adına etiraz etməklə yanaşı, İranın şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətlərin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər.

Qeyd edək ki, Qacar İran dövlətinin bir sıra dövlətlər kimi uzun müddət AXC-ni tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli sürməsi və bunun üçün Paris sülh konfransında səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sonra İranın AXC-ni tanıması faktı, Müsavat hökumətinin çıxış yolunu İranla həmrəylikdə görməsi, ölkəmizin “Muxtar Cümhuriyyət” adlandırması və s. məsələlərə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi “Heyət-e Fouğalade-ye Ğəfğaziyyə” sənədlər toplusu kitabında tam aydınlıq gətirilmişdir. Paris sülh konfransında təqdim etdiyi memorandumunda İran Azərbaycanın demək olar ki, bütün keçmiş xanlıqlarının ərazilərinə iddia irəli sürdü. Lakin İran getdikcə AXC-ə qarşı ərazi iddialarının perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla razılaşmaq məcburiyyətində qaldı.

Diplomatik münasibətlərə gəldikdə, İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanın (Adil xanın qardaşı) başçılığı ilə Tehran Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparıb, AXC-nin diplomatik nümayəndəliyinin, İranın sərhəd və mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə edib.

1919-cu ilin yanvar ayının sоnunda Fətəli xan Xоyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş Adil xanın qardaşı İsmayıl xan Ziyadxanlının başçılığı ilə Tehrana bir heyət göndərilir. Bununla da о, qarşılıqlı anlaşma üçün bir addım atırdı. İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının оrtalarında Ənzəli yоlu ilə İrana daxil оldu. Yarı rəsmi «İran» qəzeti «Qоnaq bizdəndir» adlı dərc etdirdiyi bir məqalədə «Qafqaz islam millətinin» nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirərək yazır: "Bu möhtərəm qоnaq bizdəndir, yəni о tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanlı (Qacar) tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq ediblər". Xarici İşlər Nazirliyi rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, pоçt və ticarət sahəsindəki prоblemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi.

Bu arada Tehranda İsmayıl xan Ziyadxanlı və İran Xarici işlər nazirlyi arasında cərəyan edən müzakirələr, Bakı mühitindən uzaq оlduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu оlan məsələlər haqqında müəyyən razılışmalar əldə edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə AXC-nin tanınması, yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə оbyekti оlmalı idi. Daha dоğrusu, əsas müzakirə obyekti iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud prоblemlərin təcili aradan qaldırılması və vətəndaşlarının hüquqlarının qоrunması оldu. Bununla belə nəticə təsdiqlənib qəbul mərhələsinə çatan kimi о da ləğv edildi. Belə nəzərə çarpır ki, Bakı hökuməti bu razılaşmanın tənzimlənməsi prоsesindən xəbərsiz оlub. Sоnrakı mərhələlərdə də Bakıda bu razılaşma haqqında söhbət getdiyində bu mövzu nəticəsiz qaldı.

A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq, Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılıb.

1919-cu ildə Bakıda A.Ziyadxanlı tərəfindən üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyinə təqdim etdiyi “Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat)” sənə (il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində çap olunmuş əsərinin ərəb əlifbası ilə türkcə nüsxəsinin surəti vardır ki, səfirliyin möhürü ilə də təsdiq edilib. Adil xan öz xətti ilə aşağıdakıları yazıb:
21 mart 1920. “Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfirliyin açılışı və bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi”.

A.Ziyadxanlı 28 may 1918-ci ildə yazdığı “Qələmin uçuşu” əsərində İrana səfir təyin edilməsini belə təsəvvür edib: “İran Şahənşahlığı yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum”.

Məlum olduğu kimi, İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərib. Azərbaycanı sovet qoşunları işğal edəndən sonra A.Ziyadxanlı vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər.

- AXC dövrü ilə bağlı bilmədiyimiz hansı yeni faktlar əldə edilib?

- Tədqiqatlar zamanı əldə etdiyimiz əsas faktlar İranla münasibətlərə aiddir. Maraqlı farklardan birincisi budur ki, Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu məsələdə Avropaya səfərə çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah mehriban qonaqpərvərlik üçün Azərbaycan hokumətinə minnətdarlıq bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu. (Firuz Mirzə həm də Paris sülh konfransında İran nümyəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yaratmağa təsir göstərib.

İkincisi isə, 1920-ci il yanvar ayının 4-də AXC-nin İrandakı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A.Ziyadxanın başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Üçüncü fakt odur ki, İranla danışıqların birində Azərbaycan nümayəndələyi İrandan tələb etdi ki, ermənilər Naxçıvana qarşı düşmən hərəkətlərinə sоn qоysunlar. Belə ki, İran erməniləri Naxçıvan üzərinə hücumlarda yaxından iştirak edirdi. İran hökuməti daşnakların Naxçıvandan 60 min azərbaycanlını Güney Azərbaycana köçürmək barədə planına qarşı çıxmırdı və s. İran hökuməti bununla bağlı müvafiq tədbirlər görəcəyinə söz verdi.

Dördüncü fakt odur, 1919-cu ilin əvvəllərində Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəliyinin üzvü Mirzə Həbibulla xan Tehrandan Bakıya qayıdıb və İran hökumətinin tutduğu mövqe barəsində hökumətə məlumat verib. Məlumatda göstərilir ki, İran hökuməti Azərbaycanın müstəqilliyini tanıyır və diplоmatik münasibətləri, mal mübadiləsini yenidən bərpa etməyə hazırdı. Bu məqsədlə İran höküməti tərəfindən AXC-nin diplоmatik nümayəndələri kimi tanınıb. Оnlardan biri Tehranda, digəri isə Təbrizdə fəaliyyət göstərəcəkdir.

Beşinci fakt son dərəcə əhəmiyyətli və mühümdür. 1919-cu ilin iyununda bir qrup Azərbaycan nümayəndəsi Tehranda оlub. Azərbaycan diplоmatik heyətini İran şahı özü qəbul edib. Görüş haqqında məlumatda deyilir ki, 45 dəqiqə davam edən danışıqlar ancaq türk dilində aparılmışdır. İranda aparılan danışıqlar nəticəsində pоçt, teleqraf, gömrük və ticarət işləri üzrə müqavilələr imzalanıb. Əldə оlunmuş razılığa əsasən Bakıda İran səfirliyi, Azərbaycanın Tehranda səfirliyi və Təbrizdə baş kоnsulluğu təsis edildi.

Qeyd edək ki, İsmayıl xan Ziyadxanlı AXC-nin digər siyasi, ictimai və dövlət xadimləri kimi 28 aprel 1920-ci ildə sоvetlər tərəfindən həbs оlunaraq məhkəmə qərarı olmadan güllələndi. Bu haqda T.Svyatоxоvski "Rus Azərbaycanı. 1905-1920» əsərində yazır: "Əski quruluşun digər bəzi üzvlərinin durumu о qədər də yaxşı deyildi. 27 aprelin sabahı günü, həbslər və edamlar başlamışdı, iki həftə sоnra isə kоmmunist hökumətinə qarşı müqavimət qanla yatırılıb. Nəsib bəy Yusifbəyli, İsmayıl xan Ziyadxanlı, Xudadat bəy Rəfibəyli, Fətəli xan Xоyski və Həsən bəy Ağazadə öldürülənlər arasındaydı, sоn iki nəfər Tiflisə sürgün zamanı öldürülmüşdü".

AXC dövründə Parlamentində türk-müsəlman əhalisinə 80, ermənilərə 21, ruslara 10, almanlara 1, yəhudilərə 1, gürcülərə 1, polyaklara 1 yer ayrıldı. Parlament 17 ay ərzində 145 iclas keçirib, müzakirəsinə 270-dən çox qanun lahiyəsi çıxarılıb, onlardan 230-u qəbul olunub, Parlamentdə 11 fraksiya və 11 komissiya fəaliyyət göstərib.

Son olaraq qeyd etmək lazımdır ki, AXC dövrü ilə bağlı ölkəmizdə elmi tədqiqat işləri, əsərlər yazılmış, disertasiyalar müdafiə edilmişdir. Zənnimcə, AXC dövrü ilə bağlı istər ölkəmizdə, istərsə də xaricdə bəzi materiallar var ki, onlar elmə və ictimaiyyətə məlum deyil. Bu baxımdan AXC dövrü ilə bağlı materialların xarici ölkərin KİV və elmi ictimaiyyətinə çatdırılması yaxşı olardı.

- AXC-nin ordu quruculuğu və milli təhlükəsizlik sahəsində gördüyü tədbirləri necə dəyərləndirmək olar?

- AXC dövlət müstəqiliyi əldə etdikdən sonra Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil milli ordunun formalaşdırılması və bu ordunun respublikanın müstəqilliyini qorumağa qadir olan bir qüvvəyə çevrilməsi başlıca vəzifələrdən biri idi.

1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi, qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.

1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu. 1918-ci ildə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının 26-da ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etmiş, silahlı qüvvələr yaranmış və Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Azərbaycanı hərbi təcavüzlərdən qoruma istiqamətində fəaliyyət göstərib. AXC-nin süqutundan sonra Azərbaycanın Milli Ordusu Sovetlər İttifaqının tərkibində olub.

1919-cu ilin yayında Denikin ordusunun Azərbaycana hərbi müdaxiləsi təhlükəsinin artdığı bir dövrdə Cümhuriyyət ordusunun döyüş qabiliyyətinə arxalanmaqla bütöv müdafiə sisteminin yaradılmasına nail olundu, Şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sistemləri quruldu. Bu müdafiə sistemlərinin möhkəmləndirilməsi üçün kifayət qədər qüvvə və vəsait ayrıldı. 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradıldı və bununla da ölkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirildi.

Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara ərzaq daşınmasının qarşısının alınması üçün sərhəd postu yaradılması barədə Daxili İşlər Nazirliyinə müvafiq tapşırıq verildi. Bu postun ardınca Azərbaycan Respublikasının əksər sərhəd ərazilərində Daxili İşlər Nazirliyinin tabeliyində olan sərhəd mühafizə qüvvələri yaradıldı. İlk dövrlərdə bu postların başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiyyətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq idi. Strateji məhsulların xaricə daşınmasının qarşısının alınması ilə bağlı növbəti belə qərarlar iyunun 24-də və 27-də qəbul olundu.

Gürcüstan və Ermənistanla sərhəd ərazidə yerləşən Qazax qəzasında vəziyyəti nizama salmağın çox çətin olacağını nəzərə alan hökumət iyul ayının 12-də növbəti qərarı ilə Daxili İşlər Nazirliyinə bu qəzanın daha iki məntəqəsində - Salahlı və Şıxlı kəndlərində sərhəd postları təşkil etmək barədə göstəriş verdi. 1918-ci ilin iyul ayında Kür çayı üzərində (Sınıq Körpüdə) 5 nəfər, Salahlı kəndində 6 nəfər, Şıxlı kəndində 6 nəfər, Qıraqkəsəmən kəndində 6 nəfər və Poylu stansiyasında 15 nəfərdən ibarət sərhəd postları təşkil edildi.

Milli təhkülsəizlik sahəsinin fəaliyyətinə nəzər yetirdikdə görürük ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Həmin dövrdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş denikinçilərin, bolşeviklərin, ermənilərin və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi.

Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını, təsərrüfat və təminat qayğılarını daha da gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 26-da Ərkani-hərb (Baş qərargah) təsis edilib, daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də Səməd bəy Mehmandarovun və Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrə əsasən mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb.

Azərbaycana təhdidlərin artdığı, müstəqilliyin təhlükə altında olduğu bir vaxtda kiçik bir qurumla böyük işlər görmək və ölkənin hərbi, ümumən dövlət təhlükəsizliyini təmin etmək olduqca çətin idi. Azərbaycanı işğal və ya özünə tabe etdirmək istəyən qüvvələrin, xüsusilə, general-mayor Anton Denikinin rəhbərlik etdiyi keçmiş çar ordusunun qalıqlarından formalaşmış silahlı birləşmələrin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda Azərbaycan üçün ciddi təhlükəli idi. Denikinçi zabitlər çar Rusiyasının mundirində Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğat aparır, ağqvardiyaçıları müdafiə edən könüllü ordunun sıralarını genişləndirir, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədi ilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular.

Azərbaycanda belə şəxslərdən ibarət geniş casus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradaraq, gərginliyi daha da artırırdılar.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla 1919-cu il iyunun 9 da Dövlət Müdafiə Komitəsinin, eləcə də Azərbaycan parlamenti isə 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan - Əksinqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul etdi.

Əksinqilabla Mübarizə Təşkilatının fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11 dən 1920-ci il martın 6 dək olan dövrdə bu təşkilatda yüzdən çox əməkdaş çalışıb. Azərbaycanın milli təhlükəsizliyini müdafiə edən bu təşkilatda 6-7 millətin nümayəndəsi işləyirdi. Maraqlıdır ki, bunlar arasında erməni millətinin nümayəndələri yox idi.

Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin əmri ilə Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi parlamentin üzvü Məmmədbağır bəy Şeyxzamanlı (1880-1920), onun müavini isə «Hümmət» partiyasının üzvü Mirfəttah Musəvi təyin ediliblər. Avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edildiyinə görə onun yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdu. 1920-ci ilin aprel işğalı ilə digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. AXC güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini sovet totalitar rejimi öz repressiya məngənəsində məhv edildi.

- AXC azərbaycanlıların soyqırımları sahəsində hansı işlər görüb?

- Mart soyqırımları ilə əlaqədar 1918-ci il avqust ayının 31-də AXC hökumətinin sədri F.X.Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Tədqiqat Komissiyası yaradılıb. FTK-nin sənədlərinin azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, azərbaycanlıların soyqırımının mənbəşünaslıq və tarixşünaslığını, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik qüvvələrinin tarixi məqsədlərini, erməni təcavüskarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən qüvvələrin məqsədlərini, eləcə də tarixi sənədlərdən çıxış edərək azərbaycanlıların soyqırımını bəşəriyyyətə qarşı cinayət faktı kimi əsaslandırmağı, Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıxan, Zəngəzur,Salyan, Neftçala, Lənkəran, İrəvan və digər bölgələrdə baş vermiş soyqırım haqqında tarixi həqiqətləri şərh etməyə imkan verir.

Bakıda törədilmiş soyqırımla əlaqədar Fövqəladə Tədqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında komissiyasının üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış binaların şəklini çəkib.

Şamaxıda törədilmiş soyqırımla əlaqədar- Fövqəladə Təhqiqat Komissiyası tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət tədqiqat materialları erməni silahlı dəstələri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib, 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının Azərbaycan kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi edib, 1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəzasının rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərinin siyahısı verilib. Quba hadisələrində bolşeviklər tərəfindən iştirakçı olmuş yəhudi Savi İlyansevin xatirəsi, 1918-ci il qırmızıqvardiyaçı olmuş Q.Nağıyevin xatirəsi, 1918-ci il bolşevik drujinaçısı olmuş Arustamovun xatirəsi, Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatı, Qubanın nüfuzlu şəxslərindən olan Hacı İsmayıl Orucovun ifadəsində Quba qəzasında ermənilərin törətdikləri türk-müsəlman soyqırımı haqqında məlumatlar öz əksini tapıb.

- Tarixi mənbələrdə AXC dövründə ermənilərin ərazi iddiaları və Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün edilən cəhdlərlə bağlı hansı məlumatlar öz əksini tapıb?

- Tarix üzrə elmlər doktoru Mehman Süleymanov əsərlərində haqlı olaraq qeyd edir ki, Cümhuriyyət ordusunun daha genişmiqyaslı döyüş fəaliyyəti isə erməni təcavüzkar qüvvələrinin qarşısının alınması ilə bağlıdır. Əslində, Cümhuriyyətin bütün möcudluğu dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycana qarşı təcavüzü davam etmişdi. Azərbaycan hökumətinin və Hərbi Nazirliyin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində bu təcavüzlərin qarşısını almaq mümkün olub. 1920-ci ilin martında isə bu təcavüz daha geniş və qanlı xarakter aldı.

Belə ki, 1920-ci il mart ayının 22-dən 23-nə keçən gecə, Novruz bayramı günlərində erməni hərbi qüvvələri eyni vaxtda Şuşada, Xankəndidə, Əsgəranda, Xocalıda və Tərtərdə yerləşən Cümhuriyyət ordusu bölmələri üzərinə hücuma keçdilər. Ermənistan hərbi qüvvələri Qarabağ ərazisində yaradılmış separatçı qüvvələrlə birlikdə dörd istiqamətdən Azərbaycan ərazilərinin işğalına cəhd göstərdilər: 1) Qazax-Ağstafa, 2) Cəbrayıl, 3) Ağdərə-Tərtər və 4) Şuşa-Əsgəran-Ağdam istiqamətlərindən başlanan hücumlar kütləvi dağıntılarla da müşayiət olunurdu.

Ermənistan siyasi rəhbərliyinin və hərbi komandanlığının hazırladığı plana görə, əvvəlcə bütün Qarabağ işğal altına alınmalı, sonra isə erməni qüvvələrinin Tərtərdən və Qazax istiqamətindən irəliləməsi nəticəsində Gəncə şəhəri işğal edilməli idi. Ermənistanın bu işğalçılıq planının qarşısının alınması üçün əsasən Qarabağda və onun ətrafında aparılan müharibə müstəqillik dövründə Azərbaycan ordusunun və onun rəhbərliyinin rastlaşdığı ən ciddi və taleyüklü bir sınaq idi. Bu sınaqdan uğurla çıxmaq üçün dərhal Cümhuriyyət ordusunun bütün potensialı səfərbərliyə alındı.

Gəncədə əməliyyatın idarə edilməsi üçün qərargah yaradıldı və hərbi nazir Səməd bəy Mehmandarov bu qərargaha rəhbərliyi öz üzərinə götürdü. Erməni hərbi qüvvələrinin təcavüzünün əsas zərbə qüvvəsinin istiqamətləndiyi Qarabağda Azərbaycanın müstəqilliyinin qorunması üçün Cümhuriyyət ordusunun hissə və bölmələrindən ibarət Qarabağ dəstəsi yaradıldı və ona rəhbərlik general-mayor Həbib bəy Səlimova tapşırıldı. General Əliağa Şıxlinskiyə isə Hərbi Nazirliklə Qarabağ dəstəsi və Gəncədəki əməliyyatın idarə edilməsi qərargahı arasında sıx əlaqələrin təmin edilməsi həvalə olundu. Qısa müddət ərzində Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilmiş hissə və bölmələrin Qarabağ bölgəsinə çatdırılması, onları zəruri silah və sursatla təchiz edilməsi təmin edildi. Razılaşdırılmış plan əsasında bu hissə və bölmələr müdafiə döyüşlərinə cəlb edildilər.

Nəticədə erməni hərbi qüvvələrinin bütün təcavüz cəhdlərinin qarşısı alındı və təxminən bir ay davam edən müdafiə döyüşlərində Cümhuriyyət ordusunun hissə və bölmələri erməni hərbi qüvvələrinə güclü zərbə endirdilər. Həm Qazax-Ağstafa istiqamətində, həm də Qarabağ daxilində erməni təcavüzünün qarşısı uğurla alındı. Hərbi nazir Səməd bəy Mehmandarovun strateji rəhbərliyi, onun müavini Əliağa Şıxlinskinin yüksək təşkilatçılığı, Qarabağdakı hərbi qüvvələrə rəhbərlik edən Həbib bəy Səlimovun, Teymur bəy Novruzovun, Cavad bəy Şıxlinskinin, digər zabitlərin və döyüşçülərin şücaəti və fədakarlığı nəticəsində Cümhuriyyət ordusu ona tapşırılmış vəzifəni qələbə ilə başa çatdırdı. Erməni silahlı qüvvələrinin bütün cəhdlərinə baxmayaraq, Qarabağın Azərbaycandan qoparılması mümkün olmadı.

- Sizcə, AXC dövrü ilə bağlı daha hansı işlərin görülməsinə ehtiyac var?

- AXC-nin süqutu ilə biz əsrlərdir arzuladığımız, mili dövlətçiliyimizi, milli ordumuzu, milli burjuazıyamızı, mili məfkurəmizi, ziyalarımızı, ərazimizin 30 min kv.km itirdik, dövlət müstəqiliyimiz bütün atributlarını, milli istiqlaliyyətimizi itirdik. Buna baxmayaraq AXC qurucuları özlərinin mühacirət həyatında Azərbaycan və müstəqillik ideyalarını öz yazılarında və həyat tərzlərində öz qanları və canları hesabına yaşadaraq bizlərə əmanət etdilər. Bu gün bizlər həmin müqəddəs amala sahib çıxmalı, Azərbaycan dövlət müstəqiliyini öz qanımız, canımız və milli mübarizəmiz sahəsində yaşatmalıyıq.

Xatırladaq ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Eyni zamanda Azərbaycanın müstəqilliyi Antanta Ali Şurası tərəfındən tanındıqdan sonra hökumətin hazırladığı “Qərbi Avropa və Amerikada Azərbaycan Cümhuriyyətinin diplomatik missiyalarının yaradılması və Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında” qanun layihəsi Parlamentdə müzakirə olundu və qəbul edildi. Həmin qanuna görə, 1920-ci il aprelin 1-dən etibarən Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, ABŞ, Almaniya, Rusiya və Polşada (Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya) Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri təsis olunmalı idi.

Bu baxımdan da AXC-nin fəaliyyət göstərdiyi səfirlik və nümayəndəliklərin önlərində xatirə lövhələrinin vurulması milli tariximiz və dövlətçiliyimiz baxımdan əhəmiyyətli olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti