...

Xalq rəssamı Arif Hüseynov: Böyük lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtması ölkəni xilas etdi, sabitlik və inkişaf yoluna çıxardı

Siyasət Materials 14 İyun 2020 22:29 (UTC +04:00)
Xalq rəssamı Arif Hüseynov: Böyük lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtması ölkəni xilas etdi, sabitlik və inkişaf yoluna çıxardı

Bakı. Cani Babayeva - Trend:

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dinamik inkişafının əsasını qoyub və bu gün bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir.

Bunu Trend-ə Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov deyib.

Onun sözlərinə görə, 15 iyun Azərbaycan üçün xüsusi tarixdir, çünki bizim müasir tariximiz 1993-cü ilin iyununda böyük lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması ilə birbaşa əlaqəlidir:

“27 il əvvəl Azərbaycan ikinci dirçəlişini yaşadı. Bu gün müasir Azərbaycan sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, güclü ordu deməkdir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olub”.

A.Hüseynov qeyd edib ki, ötən əsrin 90-cı illəri çətin dövr idi, amma böyük lider Heydər Əliyev Azərbaycanı qaçılmaz faciədən qoruya və sabitlik və inkişaf yoluna çıxara bildi:

“Azərbaycanın bu gün bütün sahələrdə əldə etdiyi uğurların əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. 90-cı illərin əvvəlində yaşayanlar respublikadakı vəziyyəti bilir, ölkəni böhrandan yalnız böyük lider çıxara bilərdi. Ölkədə nəzarəti ələ alandan sonra, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi Heydər Əliyev vəziyyətin stabilləşməsinə nail oldu. Bu gün Azərbaycan beynəlxalq arenada layiqli yerini tutur, dayanıqlılıq, sabit inkişaf templəri nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dinamik inkişafının əsasını qoyub və bu gün bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir”.

Xatirələrini bölüşən Xalq rəssamı əlavə edib ki, 80-ci illərin əvvəllərində digər mədəniyyət xadimləri ilə yanaşı Heydər Əliyevi regionlara çoxsaylı səfərlərindən birində müşayiət edib:

“80-ci illərin əvvəllərində mən digər mədəniyyət xadimləri ilə yanaşı Heydər Əliyevi Naxçıvana səfəri zamanı müşayiət etmişəm. Ümummilli lider fenomenal bacarıqlara malik idi, onun yüksək əmək qabiliyyəti heyrətləndirirdi. Heydər Əliyev əfsanəvi şəxsiyyətdir. Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət ayırır və dəstək göstərirdi. Ümummilli lider Azərbaycan mədəniyyət xadimlərinin xidmətlərini yüksək dəyərləndirir, hər zaman onların qayğısına qalırdı. Bu sahədə Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti