...

Ordumuzda vətənpərvərlik ruhu, döyüş əzmi və torpaqlarımızı işğaldan azad etmək istəyi yüksək səviyyədədir - Deputat

Siyasət Materials 7 Sentyabr 2020 18:11 (UTC +04:00)
Ordumuzda vətənpərvərlik ruhu, döyüş əzmi və torpaqlarımızı işğaldan azad etmək istəyi yüksək səviyyədədir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən sonra Milli Ordu quruculuğunda apardığı qətiyyətli və məqsədyönlü işlərin və xüsusən 2003-cü ildən sonra Prezident İlham Əliyevin ordu quruculuğuna böyük diqqət yetirməsinin nəticəsində bu gün ordumuz məhz bu sıralara gəlib çıxıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi zaman, xüsusən 92-93-cü illərdə AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu zaman, xaos, anarxiya fonunda Milli Ordumuz ayrı-ayrı qruplar şəklində fəaliyyət göstərirdi və bu qruplar da o zaman hakimiyyətdə olan ayrı-ayrı şəxslərə xidmət göstərirdi:

“Daxili çəkişmələr nəticəsində işğalçı Ermənistan da fürsətdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal etdi. Ancaq bu gün Azərbaycan Ordusu həm maddi-texniki baza baxımından, həm silah-sursat, hərbi texnika baxımından tam təmin olunub, ən müasir silahlarla təchiz edilib”.

C.Osmanov bildirib ki, ordumuzun zabit və əsgərlərində milli vətənpərvərlik ruhu, döyüş əzmi və torpaqlarımızı işğaldan azad etmək istəyi və iradəsi yüksək səviyyədədir:

“Əlbəttə ki, biz bununla bağlı kifayət qədər nümunələr göstərə bilərik. 2016-cı ildə Azərbaycan ordusunun qələbəsi və uğurlu əməliyyat nəticəsində işğal edilmiş torpaqlarımızın bir hissəsinin azad edilməsi, 2018-ci ildə Naxçıvan istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun növbəti qələbəsi və bu ilin iyul ayında Ermənistanın Tovuz istiqamtində törətdiyi təxribatın qarşısının çox məharətlə alınması və digər hadisələr Azərbaycan Ordusunun gücündən, qüdrətindən xəbər verir.

Son bir ay ərzində Azərbaycan Ordusunun Türkiyə Ordusu ilə bərabər hərbi təlimlərin keçirilməsi zamanı Azərbaycan ordusunun nə qədər hazırlıqlı olduğunu, müasir silah-sursat və hərbi texnika ilə təmin olunmasını, vətənpərvərlik və döyüş ruhunun nə qədər yüksək olduğunu gördük və Azərbaycan xalqı bununla qürur duyur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti