...

Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Siyasət Materials 23 Sentyabr 2020 18:00 (UTC +04:00)
Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsi xanım Növber Ferit Veçhini qəbul edib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, qonağı salamlayan Müvəkkil öncə rəhbərlik etdiyi təsisatın əsas fəaliyyət istiqamətləri və beynəlxalq qurumlarla əməkdaşlığı barədə məlumat verib. Azərbaycan Ombudsman təsisatı ilə bir sıra xarici ölkələrin Ombudsman institutları arasındakı münasibətlərə toxunan Müvəkkil bu əlaqələrin qarşılıqlı təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. O, videokonfrans vasitəsilə Türkiyə Ombudsmanı ilə keçirdiyi görüşdən bəhs edərək, pandemiya dövründə bütün əhali qruplarının hüquqlarının səmərəli müdafiəsi ilə əlaqədar həmkarı ilə qarşılıqlı fikir mübadiləsi apardığını qeyd edib.

Müvəkkil, eyni zamanda, böyük bir coğrafiyanı əhatə edən Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılmasının əhəmiyyəti barəsində danışıb. O, türkdilli dövlətlər arasında iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, insan hüquqları sahəsində də əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin dayanıqlı inkişaf baxımından önəmli olduğunu qeyd edib.

Səbinə Əliyeva dünya ictimaiyyəti tərəfindən Beynəlxalq Sülh Günü kimi qeyd olunan bir tarixdə Azərbaycan -Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olduğunu bildirib. O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları, Dağlıq Qarabağ və 7 ətraf rayonumuzun işğal edilməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib.

Müvəkkil bildirib ki, beynəlxalq ictimaiyyətin mövcud pandemiya səbəbindən hərbi münaqişələrin dayandırılması ilə bağlı qərarlarına məhəl qoymayan Ermənistanın beynəlxalq hüququn tələblərini heçə sayaraq Azərbaycana qarşı əsasən mülki şəxsləri və obyektləri hədəf alan təxribat xarekterli hərbi hücumlara davam etməsi regionda sülhü və sabitliyi ciddi təhdid edir.

Görüşdə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti