...

Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev

Siyasət Materials 3 Dekabr 2020 19:58 (UTC +04:00)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev

Bakı. Samir Əli - Trend:

COVİD-19 dünyada indiyə kimi 1.3 milyondan artıq insanın ölümünə, 54 milyon insanın isə bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olub. Rəqəmlər hər gün artır. Bu qlobal bəla, böhran ilə mübarizədə Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi sessiyadır.

Bu fikirləri Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülür və bu istiqamətlərdə əməli işlər görülür: “Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir. Prezidentin qətiyyətli, önləyici və qabaqlayıcı tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə Azərbaycan uğur qazanıb, bu, dünya və Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının çağırışı ilə vətəndaşlar, sahibkarlar, təşkilatlar səfərbər olunub, ehtiyacı olan insanlar yardımlarla təmin edilir. Dövlət tərəfindən sosial yardımlarla əlaqədar milyardlarla manat vəsait ayrılıb. Eyni zamanda Heydər Əliyev Fondu da bu istiqamətdə humanist təşəbbüslərlə çıxış edir, insanların ehtiyacları təmin olunur”.

B.Quliyev bildirib ki, 2020-ci ildə koronavirus pandemiyası bütün dünyada vəziyyəti dəyişdi: “Pandemiya həmçinin beynəlxalq siyasətə, o cümlədən beynəlxalq tədbirlərin keçirilməsinə də təsirsiz ötüşmədi, bu sahədə böyük çətinliklər və maneələr yaratdı. Koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdidi edir. Təəssüf ki, bu günə qədər nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə səmərəli bir vasitə tapılmayıb. Bunun üçün isə dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bu insanlar isə sadə statistika deyil, kiminsə atası, yaxını, dostu, qardaşı, bacısı, yaxud doğmasıdır. Dünyada, o cümlədən ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydalarına əməl edilməlidir, özümüzü, ailəmizi və nəhayət, cəmiyyətimizi qorumalıyıq.

Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə ölkəmiz bu vəziyyətə anında çevik və adekvat reaksiya verdi. Türk Şurasının və Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantıları keçirildi. Türk Şurasının zirvə görüşü dövlət və hökumət başçıları səviyyəsində onlayn formatda keçirilmiş ilk tədbir oldu. Bununla da Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı”.

Qurum rəhbəri əlavə edib ki, Xüsusi Sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək: “COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən koronavirus bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Bu gün Azərbaycanın BMT-ni idarə etmək təcrübəsi var. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir. 2020-ci il ildə Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər çaldı. Xüsusi Sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin 2020-ci ildə imza atdığı növbəti möhtəşəm qələbə oldu. Lakin bütün bunlara rəğmən dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti