...

Artıq heç kimin şübhəsi yoxdur ki, Azərbaycan hər bir sahədə Cənubi Qafqazın lideridir - Deputat

Siyasət Materials 21 Dekabr 2020 10:08 (UTC +04:00)
Artıq heç kimin şübhəsi yoxdur ki, Azərbaycan hər bir sahədə Cənubi Qafqazın lideridir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 27-dən başlayaraq erməni vandallarının təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Vətən uğrunda mübarizə aparan şücaətli əsgərlərimiz Azərbaycan tarixində yeni qəhrəmanlıq nümunəsi yaratdı.

Bunu Trend-ə Milli məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, ikinci Qarabağ müharibəsi Azərbaycan xalqının əzmini, əsgərinin gücünü və dövlətinin dəmir yumruğunu dünyaya birdaha nümayiş etdirdi:

“Azərbaycanın şanlı qələbəsi və möhtəşəm döyüş taktikası dünyanın ən görkəmli döyüş əməliyyatları siyahısına daxil edildi. Doğma Şuşamızın azad edilməsi uğrunda gedən döyüş Azərbaycan əsgərinin mərdliyini, rəşadətini və gücünü sübut etdi. Artıq heç kimin şübhəsi yoxdur ki, Azərbaycan hər bir sahədə Cənubi Qafqazın lideridir.

Təəssüflər olsun ki, Vətən müharibəsində 2783 can itirdik. Lakin hərbi ekspertlərin də dediyi kimi, düşmən tərəfindən 30 ildir qurulan möhkəm istehkamların mövcudluğu və döyüşlərin aparıldığı ərazinin mürəkkəb dağlıq relyefə malik olması əməliyyatda müəyyən itkiyə səbəb olan amillərdəndir. Ermənistanın onsuz da kiçik olan büdcəsinin böyük hissəsini sərf edərək və həmçinin hədiyyə aldığı silahlar Azərbaycanın müasir və güclü ordusu tərəfindən cəmi 44 günə məhv edildi”.

Deputat bildirib ki, ordumuz dünyanın ən nəhəng dövlətlərinə belə müasir döyüşün necə aparılmalı olduğunu göstərdi:

“İşğaldan azad olunan ərazilərimizdəki düşmən istehkamlarının müşahidəsi təsdiq edir ki, düşmən bu istehkamların qurulmasına uzun illər və böyük məbləğdə vəsait sərf edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, Vətən keşiyində duran əsgərlərimizə isə cansağlığı versin! Azərbaycan dövləti və xalqı şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adlarını əbədiləşdirir, ailələrinə bütün lazımi yardımlar göstərir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbiri həyata keçirir. Şəhidlərimiz bizim müstəqillik, azadlıq, qəhrəmanlıq rəmzimizdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti