Bakı. Elçin Mehdiyev - Trend:
Ermənistan hazırda elə bir ağır vəziyyətlə üzləşib ki, həmin vəziyyətdən çıxış yolunu kimsə görmür və tapa bilmir. Nə Paşinyana güman var, nə əvvəlki bədnam idarəçilərə.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, xaos bütün Ermənistanı bürüyüb: "İqtisadi çətinlik bir yandan, pandemiya digər yandan, siyasi qarmaqarışıqlıq isə başqa bir yandan mövcud və məlum prosesi müşayiət edir. Səbəb də odur ki, bu ölkənin ideologiyası, idarəçiliyi düzgün deyil, bu ölkənin lider defisiti var, bu ölkədə sistemsizlik, rabitəsizlik var, bu ölkədə ağız deyəni qulaq eşitmir.
Ermənistanın sükanı heç bir zaman öz əlində olmayıb. Onların tarixləri də, bünövrələri də, iddiaları da, düşüncələri də saxtadır və bu gün Ermənistanı uçuruma aparan əsas səbəb də elə məhz həmin saxtakarlıq, qeyri-səmimilik və təxribatçı xislətdir.
Ermənistan uzun illər Qarabağ torpaqlarını işğal altında saxlamaqla nə əldə etdi? Heç nə. Amma itirdiyi çox şey oldu. Daim beynəlxalq aləm tərəfindən qınandı, danlandı, öz üzərinə bədnam damğasını götürdü, bütün qlobal layihələrdən kənarda qaldı, kimlərinsə əlində alət oldu. Hərçənd vaxtında bu dövləti realist insanlar idarə etsəydi, vaxtında düzgün siyasət yürüdülsəydi vəziyyət bu yerlərə qədər gəlib çıxmazdı. İndi də öz nadürüstlüklərinin cəzasını çəkirlər. Hər yerdə uduzublar. Biabır olublar. Məhv olublar. Üstəlik, hər addımda xaosun daha da dərinliyinə gedirlər. Bəs bu vəziyyətdən çıxış yolu varmı? İnanmıram".
Deputat bildirib ki, Ermənistan hazırda dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb: "Bu ölkənin həqiqətən yiyəsi, sahibi yoxdur. Əslində əvvəl də belə olub. Yəni, Ermənistanda sahiblik institutu həmişə vizual xarakter daşıyıb. Amma indi heç o vizuallıq da yoxdur. Nə ölkədəki saxta siyasətçilər xalqı ələ ala bilir, nə də Soros köməyə gəlir. Qalıblar məchulluğun ümidinə. Qalsınlar. Onlar bu rəzilliyi, bu rüsvayçılığı, bu xaosu haqq ediblər. Zamanında işğal siyasəti yürüdəndə düşünməli idilər ki, bunun nəticəsi ağır olacaq".