...

30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri

Siyasət Materials 17 Aprel 2021 11:17 (UTC +04:00)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı ordusunu və terrorçularını darmadağın edərək döyüş meydanında tarixi qələbə qazandı. Və öz ərazi bütövlüyünü təmin etdi. Təəssüf hissi ilə qeyd etməliyik ki, 30 ilə yaxın müddət ərzində Minsk Qrupu həmsədri ölkələri bir dəfə də olsun 800 min azərbaycanlının öz Vətənində didərgin düşməsinə, işğal olunmuş ərazilərimizdə bütün şəhər və kəndlərimizin, tarixi abidələrimizin, qəbiristanlıqlarımızın dağıdılmasını dilə gətirmədilər. Amma erməni separatçılarının, terrorçularının, işğalçı erməni ordusunun qəhrəman, igid əsgərlərimizin hücumlarına tab gətirməyib qaçdıqlarını görəndə Azərbaycana təyziqlərə başladılar.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, işğaldan azad edilmiş Ağdam şəhər seçki dairəsindən deputat Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Minsk Qrupu ölkələrinin mərkəzi televiziya kanalları, qəzetləri, saytları gecə-gündüz Azərbaycana, xalqımıza qarşı iftiralar, böhtanlar yağdırmağa başladılar:

“Bütün dünyada azərbaycanlılara qarşı kin-küdurət əhval-ruhiyyəsi yaratmağa çalışdılar. Azərbaycanafobiya ideologiyasını yaratmağa cəhd etdilər və edirlər. Bu gün də bu qarayaxma, utancverici hərəkətlərini davam etrdirirlər. Bəzi ölkələr hətta erməni lobbisinin əlində oyuncağa çevrilərək özlərini gülünc obyektinə çevirdilər. Biz bunları hələ unutmamışıq.

Məğlub olan erməni faşist rejimini məhv olmaqdan xilas etmək üçün Azərbaycandan döyüş əməliyyatlarını dayandırmağı tələb etməyə başladılar. Hətta belə bir təəssürat da yaratmağa çalışdırlar ki, erməni faşistlərinə qoşularaq bizə müharibə elan edəcəklər. Əlbəttə, bütün bu hədələr səbr kasası daşmış Azərbaycan xalqının dəmir iradəsini sındıra, Dəmir yumruğunu yumuşalda bilməzdi.

Ermənistanın döymədiyi qapı qalmadı. Ermənistanın, Fransanın xahişi ilə vasitəçəlik edən Rusiya Azərbaycandan hərbi əməliyyatları dayandırmağı xahiş etdi. Yalnız Ermənistan işğalçı silahlı qüvvələrinin, xarici ölkələrdən gətirdiyi terrorçuları işğal etdiyi Azərbaycan ərazilərindən çıxaracağı ilə bağlı öhdəlik götürdükdən və çıxarılma qrafikini təqdim etdikdən sonra hərbi əməliyyatlar dayandırıldı.

Rusiyanın 2000-dən bir qədər az olan əsgər və zabiti sülhməramlı qismində Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə və Xocavənd rayonlarına daxil oldular. Məqsəd ondan ibarət idi ki, onlar erməni silahlılarını Azərbaycanın elə həmin ərazilərindən tam çıxaracaq, ermənilər tərəfindən törədilə biləcək təxribatların qarşısını alacaq, 30 ildən bəri köçkün həyatı yaşayan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasını və dinc birgəyaşayışı təmin edəcəklər.

Təəssüf ki, hazırda baş verən proseslər o qədər də ürəkaçan deyil və əsas məqsədə tam hədəflənməyib. Hələ də erməni separatçıları və onların havadarları görüləcək işləri çox ləngidirlər. Əvvəla onu qeyd edək ki, Minsk Qrupu həmsədr ölkələri hərbi əməliyyatlar dayanan kimi erməni vəhişiliyini, vandallığını, cinayətlərini ört-basdır etmək məqsədilə erməni tarixi abidələrinin təhlükəsizliyi məsələsini süni şəkildə qabartmağa başladılar. Halbuki azərbaycanlılara məxsus, minilliklərə şahidlik etmiş hər bir şey ermənilər tərəfindən yer üzündən silinib.

İndi isə dəhşətli kütləvi qırğın silahı hesab edilən “İsgəndər-M” raketinin azərbaycanlılara qarşı istifadəsinə kimin rəvac verdiyi sualı ortaya çıxıb. Dost ölkə bu məsələyə niyə aydınlıq gətirmir? Qarşılıqlı etimada, sülhə, dostluğa sarsıdıcı zərbə vura biləcək belə məsələlərdə necə susmaq olar? Ermənistanın bu cinayət əmməllərinə niyə adekvat cavab vermir Minsk Qrupu həmsədr ölkələri? Axı, Paşinyandan tutmuş Sarkisyanına qədər hamısı “İsgəndər” raketindən azərbaycanlılara qarşı istifadə edildiyini öz dillərindən bütün dünya eşitdi. Azərbaycan həmin raketin qalıqlarını nümayiş etdirdi. Fakt göz qabağındadır. Faşistləri etirafı da, əşyayi-dəlil də. Hələ Serj Sarkisyan öz müsahibəsində şikayətlənirdi ki, niyə “İskəndər” raketlərindən az istifadə ediblər. Bu cərgəyə digər cani Robert Koçaryan da qoşulubdur. Bu caniləri, faşistləri yenidən hakimiyyətə gətirmək istəyirlər”.

B.Əliyev bildirib ki, məcburi köçkünləri narahat edən digər məsələ isə ondan ibarətdir ki, rusiyalı sülhməramlılar niyə Xankəndidə, Xocalıda, Ağdərədə basdırılmış minaları zərərsizləşdirirlər:

“Onları ora erməni cinayətkarlar nə məqsədlə basdırmışdılar? Axı, o yerlərdə onlar yaşayırdılar? Amma nədənsə işğaldan azad edilmiş ərazilərə basdırılmış minaların xəritələrini Ermənistandan tələb etmirlər. Niyə? Xəritələrin verilməməsi hərbi cinayətdir, bir. İkincisi, xəritəsiz o ərazilərin təmizlənməsi uzun illər vaxt tələb edir. Deməli, məskunlaşmanın tez baş tutmasını nə Ermənistan, nə də Minsk Qrupu həmsədrləri istəmirlər. Belə olan halda qarşılıqlı etimad, xalqların birgəyaşayışı, dostluq münasibətlərinin yaranması necə mümkündür? Nədənsə sülməramlılar onların səlahiyyətinə aid olmayan bir işin öhdəsindən çox qısa bir müddətdə gəldilər. Yəni ordan-burdan bir az erməni yığıb gətirib doldurdular Xankəndinə. Hər gün gətirdikləri ermənilərin sayı haqqında geniş məlumatlar da verirdilər. Onların bu öhdəliklərini 10 noyabr 2020-ci ildə imzanlanmış üçtərəfli bəyanatda tapmaq mümkün deyil. Bu da bir sual...

Azərbaycan xalqı bu suallara cavab gözləyir keçmişdə qalmış keçmiş Minsk Qrupunun həmsədrlərindən. Azərbaycan xalqına dost münasibəti, ədalətli münasibəti göstərmək və etimadı qazanmaq istəyirlərsə, onda təcili surətdə laçınlıları Laçın şəhərinə qaytararaq həqiqətən də sülh, birgəyaşayış tərəfdarı olduqlarını sübut etsinlər. Bununla da birdəfəlik sülhə və qarşılıqlı etimada nail olmaq mümkündür. Kommunikasiyaların açılması, sərbəst və təhlükəsiz gediş-gəlişin təmini də bundan asılıdır. Hamı bunu çox yaxşı bilir. Əgər sülhməramlı missiyası bunu etməsə, Azərbaycan xalqı onların bu mövqeyini başa düşməyəcək...

Ermənistana və onların havadarlarına isə qısa bir cavabımız var. Bu torpaqlara Çar Rusiyası gələndə bir dənə də olsun erməni knyazlığı da yox idi. Son 1000 ilin tarixində də bu yerlərdə erməni dövlətçiliyinin əsər-əlaməti olmayıb. Qədim Rus dövləti yarananda belə erməni dövləti olmayıb bizim ellərdə. Amma Bakı xanlığı, Şəki xanlığı, Naxçıvan xanlığı, Quba xanlığı, Gəncə xanlığı və başqaları və ən nəhayət, hal-hazırda ermənilərin məskunlaşdırıldığı Qarabağ xanlığının bir hissəsi olan Zəngəzur da və İrəvan xanlığı da Qədim Azərbaycan torpaqlarıdır. Əgər belə deyilsə, onda 1830-cu illərdə niyə Rus çarı işğal etdiyi İrəvan xanlığında, Naxçıvan xanlığının isə bir hissəsində Erməni Vilayəti yaradlması haqqında fərman imzaladı. Amma ermənilərin əsl xislətini biləndən sonra çox qısa zamanda həmin vilayəti ləğv etdi.

Bütün dünya, həm də ermənilərin havadarları çox gözəl bilirlər ki, bugünkü Ermənistan Respublikası Azərbaycan torpaqlarında yaradılmış süni bir dövlətdir. Ermənilər özləri də bunu yaxşı bilirlər. Çünki bu, uzaq keçmiş deyil və təkzibedilməz tarixi faktların hamısını ermənilər saxtalaşdıra və ya məhv edə bilməyiblər. Yaşayın Azərbaycan torpaqlarında, amma dinc, sakit, qonşu kimi, həm dilinizi dinc saxlayın.

Ermənistana və onun havadarlarına bir daha xatırlatmaq istərdik ki, tezliklə sülh müqaviləsi imzalayaraq Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini tanısınlar. Qonşulara ərazi iddialarından əl çəksinlər. Sivil qaydalar belədir və Azərbaycan hüquqi, demokratik bir dövlət kimi bu qayda və prinsiplərə sadiqdir. Qafqazda şovinizmə, faşizmə, Njde kimilərə yer yoxdur və Azərbaycan dövləti buna imkan verməyəcəkdir!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti