...

Prezident İlham Əliyev: Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı

Siyasət Materials 18 Oktyabr 2021 12:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı

Bakı. Trend:

Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Təkcə bir şeyi əlavə etmək istərdim ki, bu, bizim hamımızın Qələbəsidir. Çünki Azərbaycan xalqı yorulmadan bu Qələbəyə doğru addımlayırdı. Hər birimiz, hərə öz yerində öz töhfəsini ümumi Qələbəmizə, ümumi inkişafımıza verərək bu günü, bu müqəddəs günü yaxınlaşdırırdıq.

Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi bizdə Vətən müharibəsi adlandırılır. Çünki hər birimiz, hər bir Azərbaycan vətəndaşı bu günü nəinki səbirsizliklə gözləyirdi, bu günə inanırdı, eyni zamanda, öz əməyi ilə bu günü yaxınlaşdırırdı. Bizim üçün, xalqımız üçün torpaqlarımızın azad olunmasından daha vacib məsələ heç vaxt olmamışdır. Mən hesab edirəm ki, Qələbəmizin əsas amillərindən biri də məhz budur. Çünki biz Qarabağı unutmadıq, biz o vəziyyətlə barışmadıq. Halbuki bizə deyilirdi ki, artıq reallıqla gərək hesablaşasınız, siz birinci müharibədə, yəni, 1990-cı illərdə məğlubiyyətə uğramısınız. Siz indi gərək bu vəziyyətlə barışıb ermənilərlə kompromisə gedəsiniz, dil tapasınız. Mənim mövqeyim bəllidir. Mən bu mövqeyi həm ölkə daxilində, həm beynəlxalq tədbirlərdə bütün kürsülərdə çıxış edərkən bəyan edirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Çünki xalqımız barışmadı və görün, bu torpaqları görməyən cavan qız hansı sözləri deyir. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir. Tarixdə müharibələr çox olub, münaqişələr olub, elə hallar olub ki, xalqlar istila ilə, işğalla barışmış olublar, boyunlarını büküb əyilmiş olublar. Amma bizim xalqımız həmişə başını dik tutub. Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı, müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu, bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir.

Əlbəttə ki, bir çox amillər var. Bu haqda artıq danışılıb. Bu Qələbəmizi şərtləndirən amillər nəzərə alınaraq kitablarda, məqalələrdə, elmi araşdırmalarda yazılacaq. Amma hesab edirəm ki, bunların arasında ən başlıcası məhz əyilməz ruhumuz və vətənpərvərliyimizdir. Məhz bu bölgədə bizim cavanlarımız, cavan əsgər və zabitlərimiz ölümə gedirdilər. Bütün o mövqelərdə, o dağlıq mövqelərdə ermənilər yerləşmişdilər. Onlar orada 30 il yerləşmiş, istehkamlar, bunkerlər, uzunmüddətli atəş nöqtələri qurmuşdular. Biz isə, düzənlik olan yerdən o təmas xəttini keçərək, o istehkamları yararaq gedirdik, bizim gənclər ölümə gedirdilər. Ona görə, birinci amil vətənpərvərlik, Vətənə olan sevgi, məhəbbətdir. Bu amil bizim xalqımızı bundan sonra da yenilməz xalq kimi yaşadacaq.

Əsas vəzifəmiz, - əlbəttə, torpaqlarımızın qurulması, bərpası öz yerində, - gəncləri bu vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, onda bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz.

Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz.

Mən bir daha sizi bu müqəddəs gün münasibətilə - Füzulinin azad olunması günü münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, biz tezliklə bu gözəl diyarı quraq, bərpa edək. Sizinlə burada hələ çox-çox görüşəcəyik. Bir daha sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti