Bakı. Trend:
Martın 2-də Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral S.Bəkirov
qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi
sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində
qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi
vurğulayıb.
Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan
münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı
əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Pakistan nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti
haqqında brifinq təqdim edilib.
Sonra qonaqlar hərbi gəmilərə baxış keçirib, onların
taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıb. Həmçinin gəmi
heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər
qurğular barədə ətraflı məlumat verilib.
Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və
digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir
mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə
olunub.
Sonda xatirə şəkili çəkdirilib.