Bakı. Trend:
Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Qurumun tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin üç dəfə keçirilən görüşündən, bir sözlə, hazırda qurumun vasitəçiliyini neytrallığı qorumaq şərti ilə həyata keçirməsindən bəhs etmədən öncə enerji sahəsində əməkdaşlığımızın dünəninə nəzər yetirmək zərurəti yaranır. Avropa İttifaqı hər zaman Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir, Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayır. Bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də Prezident İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərdən, Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatmasından geniş bəhs edərək bildirmişdir ki, Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq mövcuddur. Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan daim Avropa Komissiyası ilə təmasdadır. Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Bura neft və qaz kimi ənənəvi sahələr, həmçinin elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə
açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın iştirakı olmadan
bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin
mümkünsüzlüyü böyük inam hissi ilə qeyd olunur: “Uğurlarımızın
davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz
müsbət təsirini göstərir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı
arasında 2018-ci ildə imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədi
ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar
açdı. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin və
mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək
qiymətləndirir. Qeyd olunan sənəddə Azərbaycanın yerləşdiyi coğrafi
məkanın rolu da əsaslı şəkildə təhlil edilib. Azərbaycan müxtəlif
dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq
mədəniyyətlər, sivilizasiyalararası dialoqa öz töhfələrini verir.
Ölkəmiz, eyni zamanda, tolerant, multikultural cəmiyyətlərin
formalaşmasına töhfələr verən ölkə kimi nüfuz qazanır. “Tərəfdaşlıq
prioritetləri” sənədi Azərbaycanın bu sahədəki uğurlarına işıq
salır. Belə ki, Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir
cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək
qiymətləndirir.”
YAP Xətai rayon təşkilatının sədri diqqəti iyulun 18-də Azərbaycan
Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım
Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa
İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan
Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji
sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na
yönəldərək bildirib ki, tərəflər bu sənədin perspektivlərindən bəhs
edərək onun əlaqələrin inkişafına böyük töhfələr verəcəyinə
əminliklərini ifadə edirlər: “Dövlət başçısı İlham Əliyev mətbuata
bəyanatında “Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman
olmadığı qədər vacibdir” söyləyərək Azərbaycan ilə Avropa İttifaqı
arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox
etibarlı əməkdaşlığın böyük nailiyyət olduğunu qeyd etmişdir.”
Vüqar Rəhimzadə diqqəti Azərbaycanın bərpaolunan enerji sahəsində
malik olduğu imkanlara da yönəldərək imzalanan sənəddə əsas
məqamlardan birinin bərpaolunan enerji ilə bağlı olduğunu qeyd
edib: “Bu gün qürur hissi ilə işğaldan azad edilmiş ərazilərimizdə
geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edirik. Həmçinin
tarixi Zəfərimizin reallıqlarının qəbulu fonunda dövlət başçısı
İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün
aparılmasını, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının
yaradılmasını da qeyd etməliyik. Hər bir rayon özünəməxsus iqtisadi
imkanlara malikdir. Onların potensialından səmərəli istifadə etmək
məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına
dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur ki,
bunlardan biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. İndiki
və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji
baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi
genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla
iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji
mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim
dəyişikliklərinə təsir azaldılmalıdır. Qeyd edək ki, Qarabağın və
Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək
enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək
enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Dövlət başçısı
bildirir ki, bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha
çox qazı təmin edəcəyik.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı
İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin
təhlili fonunda bu əminliyi də ifadə edib ki, imzalanan Memorandum
gələcək üçün yol xəritəsidir. Planlaşdırılan bütün məsələlər icra
olunub, bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bəyanatında
bildirmişdir ki, Azərbaycan həqiqətən bizim üçün mühüm enerji
tərəfdaşıdır. İmzalanan Anlaşma Memorandumu enerji tərəfdaşlığımızı
daha da gücləndirir. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng
potensiala malikdir. İmzalanan sənəd vasitəsilə həmin sahədə
əməkdaşlığın möhkəm təməli qoyulur.
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Avropa İttifaqı ilə
münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki,
ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında
fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı
kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional
əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.