...

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti praktiki və hissolunan nəticələr verəcək

Siyasət Materials 15 Sentyabr 2022 12:58 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti praktiki və hissolunan nəticələr verəcək

Bakı. Trend:

Trend Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Milana Bazarovanın müsahibəsini təqdim edir.

- Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı əldə olunmuş son razılaşmalar kontekstində Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın qiymətləndirilməsi.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfəri Mərkəzi Asiya və Cənubi Qafqazın regionlararası yaxınlaşmasının mühüm göstəricisi oldu. Gələcək ikitərəfli əməkdaşlıq üçün müəyyən edilmiş istiqamətlərin miqyası, eləcə də ölkələrimizin rəhbərləri arasında qurulmuş şəxsi münasibətlər belə qənaətə gəlməyə imkan verir ki, Özbəkistan və Azərbaycan getdikcə möhkəmlənən çoxşaxəli dialoqa doğru irəliləyir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı əldə olunan razılaşmalar qarşılıqlı münasibətlərdə dərin artım nöqtələrinin yaradılması üçün yeni əsaslar yaratdı. Biz 18 sənədin imzalanmasına nail olduq və Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə imzaladıq. O, 40-a yaxın istiqaməti əhatə edib və ticari-iqtisadi əməkdaşlığın, sənaye əməkdaşlığının genişləndirilməsini, nəqliyyat-tranzit potensialından səmərəli istifadəni nəzərdə tutur.

Şübhə yoxdur ki, ölkələrimiz bir-birini iqtisadi baxımdan perspektivli tərəfdaşlar hesab edirlər, onlar arasında əməkdaşlığın inkişaı potensialı hələ tam açılmayıb. Bununla belə, buna böyük tələbatın, xüsusən də böyük və kiçik biznes tərəfindən tələbat olduğunu başa düşmək məmnunluq yaradır. Birgə səylər sayəsində təkcə son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 7 dəfə - 17,1 milyon dollardan 118,8 milyon dollara yüksəlib. Əgər 2022-ci ilin əvvəlində Özbəkistanda Azərbaycanın iştirakı ilə 178 şirkət var idisə, hazırda onların sayı 238-ə çatıb.

Şirkətlərimiz hələ Azərbaycan bazarında o qədər də geniş miqyasda təmsil olunmur - onların sayı 53-ə çatıb. Lakin biz xüsusən də azərbaycanlı investorların Özbəkistana artan marağını nəzərə alsaq bu rəqəmin durmadan artacağını gözləyirik. 2021-ci ildə Özbəkistana 64,1 milyon dollar məbləğində Azərbaycan investisiyaları yerləşdirilib. 2022-ci ildə göstəricinin 82,4 milyon dollar məbləğində olacağı gözlənilir.

İkitərəfli müstəvidə qarşılıqlı fəaliyyətin köklü surətdə intensivləşdirilməsi üçün geniş imkanlar mövcuddur və bu, ilk növbədə, artıq uğurla istifadə olunan “iqtisadiyyatların bir-birini tamamlaması amilidir”. Hesab edirik ki, Azərbaycan şirkətlərinin Özbəkistan istehsalçıları ilə tekstil sənayesi, dəri istehsalı, zərgərlik kimi sahələrdə sənaye əməkdaşlığına cəlb edilməsi istiqamətində işlərin gücləndirilməsi ölkələrimiz üçün qarşılıqlı faydalı olacaq. Bizə məlum olduğu qədər, Azərbaycan bazarında Özbəkistan məhsullarının həcmi durmadan artır.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında əsas amillərdən biri də Özbəkistan və Azərbaycanı daxili və xarici inkişaf strategiyayay ümumi yanaşmanın birləşdirməsidir. Daşkənd və Bakı MDB-də heç bir hərbi-siyasi blokun üzvü olmayan yeganə dövlətlərdir. Dünyanın alyanslara parçalandığı bir vaxtda Özbəkistan və Azərbaycan qlobal aktorlarla “ədalətli oyun” oynayır, əməkdaşlığın praqmatik şaxələndirilməsini vurğulayır.

Bu rol daha çox iki ölkənin rəhbərliyi tərəfindən Özbəkistan və Azərbaycanda siyasi sabitliyin qorunması ilə müəyyən edilir. Ş.Mirziyoyev və İ.Əliyevin apardıqları islahatlar bazar iqtisadiyyatının təşviqinə və qlobal maliyyə sisteminə çevik inteqrasiyaya xüsusi önəm verilməklə birlikdə inkişaf edir.

– İkitərəfli əməkdaşlığın gücləndirilməsində və regionlararası əməkdaşlığın inkişafında nəqliyyat və logistika layihələrinin rolu.

Biz Azərbaycanın geniş nəqliyyat və logistika dəhlizləri sisteminin formalaşmasına əhəmiyyət verdiyini bilirik. Deyə bilərəm ki, Özbəkistan da ölkə iqtisadiyyatının yüksəlişində mühüm amil kimi nəqliyyat əlaqələrinin inkişafının tərəfdarıdır. Bu gün Özbəkistanda ÜDM-in 6,4 faizi nəqliyyat xidmətlərinin payına düşür, ümumi investisiyanın 7,4 faizi və xidmət sektorunun demək olar ki, 30 faizi nəqliyyatın payına düşür. 2030-cu ilə qədər tranzit potensialının gücünü 4,4 dəfə artırmaq və bu rəqəmi 6 milyard tona çatdırmağı planlaşdırılır.

Bu əsas seqmentdə ümumi maraqlara əsaslanaraq, nəqliyyat kommunikasiyaları sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi Özbəkistan-Azərbaycan əməkdaşlığının gündəliyinin mərkəzində dayanır.

Oxşar coğrafi üstünlüklərə malik olan Azərbaycan Özbəkistanla birlikdə öz regionlarında əsas nəqliyyat qovşaqlarına çevrilmək potensialına malikdir. Trans-Xəzər dəmir yolu dəhlizi çərçivəsində ölkələrimiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz, və daha geniş mənada Avropa və Asiya qitələri arasında “birləşdirici körpü” rolunu oynayır.

Daşkənd və Bakı iki ölkənin qarşılıqlı yükdaşımaları və tranzit daşımaları potensialını artırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Xüsusilə, kənd təsərrüfatı məhsullarının emalı və ixracına yönəlmiş birgə aqrologostika klasterlərin yaradılması imkanları araşdırılır. Bu gün biz Özbəkistan mallarının dünya bazarına çıxışını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından məhsuldar və qarşılıqlı surətdə bəhrələnirik. Bildiyimiz kimi, Azərbaycan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Xəzər dənizinə qədər uzadılmasında maraqlı olduğunu bildirib ki, bu da Trans-Xəzər dəhlizinin tranzit imkanlarını xeyli artıracaq.

Türkmənbaşı beynəlxalq dəniz limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımaların artırılması, Zəngəzur dəhlizinin bərpası perspektivli görünür. Özbəkistan bu mühüm tranzit sahəsinin canlandırılmasında maraqlıdır və onu iqtisadi cəhətdən sərfəli və istisnasız olaraq bütün iştirakçılara fayda gətirəcək layihə hesab edir. Bu marşrutun açılması mübahisəli məsələlərin həlli üçün dayağa, iki xalqın dinc birgəyaşayışının təmin edilməsi və regionda davamlı sülhün bərpası amilinə çevriləcək.

Bu layihələr üzrə əməkdaşlıq ölkələr arasında vahid nəqliyyat şəbəkəsinin yaradılmasına, Mərkəzi Asiya və Qafqazın bütün dövlətlərinin qlobal tədarük zəncirlərinə daha dərindən inteqrasiyasına və beynəlxalq yüklərin tranzitində fəal iştirakına xidmət edə bilər.

– Özbəkistanın ŞƏT-in fəaliyyətində rolunun qiymətləndirilməsi. Özbəkistan ŞƏT çərçivəsində yüksək səviyyədə tanınmasına necə nail oldu?

Bu gün mediada biz ŞƏT-in Qərbə bir növ “antitezis”ə çevrilə biləcəyi ilə bağlı müxtəlif fərziyyələrə rast gəlirik. Bununla belə, tamamilə göz qabağındadır ki, Şanxay Əməkdaşlıq Təşkilatı yalnız konstruktiv rol oynayıb və oynamaqda davam edir, Özbəkistan da bunun tərəfdarıdır. Bu, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu yaxınlarda dərc olunmuş “ŞƏT-in Səmərqənd Zirvə Toplantısı: Qarşılıqlı əlaqədə olan dünyada dialoq və əməkdaşlıq” məqaləsində aydın şəkildə vurğulanıb.

Başlanğıc potensialı, sosial-iqtisadi və siyasi inkişaf səviyyəsi baxımından daxili “müxtəlifliyinə” baxmayaraq, bu təşkilat münasibətlərin universal modelini tapmağa müvəffəq olub. ŞƏT-in cəlbediciliyi ondan ibarətdir ki, o, çoxşaxəli əməkdaşlıq konsepsiyasını fəal şəkildə təbliğ edir, blok təfəkkür ideyalarını “təbliğ etmir”, fəaliyyətini başqa millətlərə və xalqlara qarşı yönəltmir. Bunun əvəzində təşkilat yeni "inkişaf nöqtələri"ni müəyyənləşdirir bu dəfə Özbəkistanın sədrliyi altında bu nöqtələr nəqliyyat, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiyalar, rəqəmsal modernləşmə və "yaşıl" iqtisadiyyatın inkişafı olacaq.

Bu sahələri əbəs yerə göstərmədim, çünki onlar Özbəkistanın Şanxay təşkilatının inkişafına nə dərəcədə siyasətdən kənar və iqtisadi cəhətdən qətiyyətlə yanaşdığını əks etdirir. Biz hesab edirik ki, ŞƏT çərçivəsində əməkdaşlıq təkcə ölkəmizin özünün deyil, həm də Özbəkistanın tərəfdaşlarının inkişafı üçün nəzərəçarpacaq gəlirlər gətirə bilər. Bəlkə də məhz bu, dövlətlərə lüzumsuz ehtiyatlanma olmadan ölkəmizin təşəbbüslərinə qoşulmağa imkan verir.

Sədrlik müddətində Özbəkistanın irəli sürdüyü prioritetləri mən Daşkəndin ŞƏT-in üzv ölkələrinə ünvanlanmış çoxtərəfli əməkdaşlığın dəyərini yenidən qiymətləndirməyə çağırış adlandırardım. Yalnız praqmatik dialoq istəyi, qarşılıqlı hörmət, bir-birinin ehtiyaclarını qarşılamağa hazır olmaq dövlətlər arasında artan uçurumu daralda, dünyanı yaxınlaşdığı təhlükəli xəttdən qoruya bilər.

ŞƏT-in Səmərqənddə keçiriləcək sammitindən gözləntilər təkcə təşkilatın gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsi ilə bağlı deyil. Ümid edirik ki, bu tədbir geosiyasi dəyişikliklərin bu çətin dövründə müxtəlif qitələri təmsil edən ölkələrin maraq və istəklərini öz platformasında cəmləyərək, onun hər bir iştirakçısına praktiki və nəzərəçarpacaq nəticələri mənimsəməyə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti