...

Azərbaycan Milli Şəhərsalma Forumunda Bəyannamə qəbul olunub

Siyasət Materials 8 Oktyabr 2022 16:23 (UTC +04:00)
Azərbaycan Milli Şəhərsalma Forumunda Bəyannamə qəbul olunub

Bakı. Trend:

Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda Bəyannamə qəbul olunub.

Trend Bəyannamənin mətnini təqdim edir.

“Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi.

Biz, Birinci Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA#1) iştirakçıları — milli və yerli hökumətləri, parlamentləri, vətəndaş cəmiyyətini, yaşlıları, qadınları, gəncləri, uşaqları, əlilliyi olan şəxsləri, yerli qrupları və icmaları, özəl sektoru, fondları və xeyriyyə təşkilatlarını, beynəlxalq və regional təşkilatları, akademik dairələri, peşəkarları və digər müvafiq maraqlı tərəfləri təmsil edərək postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün davamlı inkişafın sürətləndirilməsi, eləcə də iqlim dəyişikliyi ilə bağlı tədbirlərin görülməsi və sülhün qurulması üçün yol xəritəsi olaraq “Yeni Şəhər Gündəliyi”nin (YŞG) yerli şəraitə uyğunlaşdırılmasına xüsusi diqqət yetirmək, dayanıqlı urbanizasiya proseslərinə əlaqələndirilmiş şəkildə yerli və milli töhfələri dəstəkləmək məqsədilə Ağdam və Bakı şəhərlərində toplaşmışıq.

BMT-nin sabiq Baş katibi Pan Gi Munun sözlərinə əsasən “qlobal dayanıqlılıq uğrunda mübarizəmiz məhz şəhərlərdə qalib gələcək və ya məğlub olacaqdır”. Bu səbəbdən, biz hər kəs üçün rifahın və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə heç bir ayrı-seçkiliyə yol vermədən indiki və gələcək nəsillərin bütün nümayəndələri tərəfindən ədalətli, təhlükəsiz, sağlam, əlçatan, əlverişli, davamlı və dayanıqlı şəhərləri, yaşayış məntəqələrini qura bilmələrini təmin etmək üçün bütün səyləri, vasitələri və resursları səfərbər etməyə çağırırıq.

Bununla, biz dayanıqlı urbanizasiya haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi üzrə qlobal platforma kimi oktyabr ayının “Şəhərsalma ayı” (“Urban October”) kimi qeyd olunması imkanının mühüm əhəmiyyətini qeyd edirik.

2022-ci ilin “Qüsurlara diqqət etməli. Heç kəsi və heç bir yeri diqqətdən kənar qoymamalı” mövzusuna uyğun olaraq, NUFA#1 çoxtərəfli platforma kimi ölkədə iqlimin yaxşılaşdırılmasına töhfə verəcək dayanıqlı və ədalətli inkişafı təşviq edərək tarazlaşdırılmış şəhər inkişafı üçün faktiki məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək məqsədilə əsas qərar qəbulediciləri, şəhərsalma sahəsində ixtisaslaşmış məsul tərəfləri və mütəxəssisləri bir araya gətirir. Şəhərlərin bərpası üzrə göstərilən səylərin əsas elementlərini müzakirə edərkən qarşıya qoyulmuş iddialı hədəflərə nail olmaq üçün Forum həmçinin hökumətlər və geniş ictimaiyyət tərəfindən əlaqələndirilmiş şəkildə kompleks yanaşmanın təmin edilməsinin əhəmiyyətini vurğulayır.

Biz, NUFA#1 iştirakçıları, bir daha təsdiq edirik ki, milli özünəməxsusluğun əsas elementi olaraq maddi və qeyri-maddi irs, yaradıcılıq və bədii müxtəliflik də daxil olmaqla mədəniyyətin tərənnüm edilməsi və dirçəlişi şəhər böhranları üzrə urbanizasiya çağırışlarının həlli və dəymiş zərərin aradan qaldırılması sahəsində Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə 11-ci Məqsəd olan “Şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsi” və “Yeni Şəhər Gündəliyi”nin Azərbaycan Respublikasında adaptasiyasının tərkib hissəsidir.

Biz inanırıq ki, çoxşaxəli və sektorlararası əlaqələndirməni, şəffaflığı və hesabatlılığı artırmaq üçün dayanıqlı şəhər idarəetmə sistemləri hökumətlərin müxtəlif səviyyələri arasında bütün qərarvericilərin davamlı iştirakını və dialoqunu təmin etməlidir.

Biz şəhərlərin dayanıqlı inkişafı və “Yeni Şəhər Gündəliyi”nin həyata keçirilməsi üçün özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və akademik dairələr, habelə digər tərəfdaşlarla əməkdaşlıq edərək mövcud əlaqələrin qorunub saxlanılması və yeni əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayırıq.

Biz bütün səviyyələrdə konstruktiv iştirakçılığı təmin etmək məqsədilə dəyişikliklərin idarə olunması və mehriban qonşuluq üçün əlverişli, təhlükəsiz, habelə yaşa və genderə həssas ətraf mühiti gücləndirməklə bağlı zəruri düşüncə dəyişikliyini təmin edən yaradıcı həllər və innovativ təcrübələrin davamlı mübadiləsini və paylaşımını təşviq edirik.

Nəhayət, biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, Azərbaycan Respublikasında təhlükəsiz, firavan, inklüziv və davamlı şəhərlərin, digər insan məskənlərinin yenidən qurulması üçün minalardan təmizləmənin əhəmiyyətini xüsusi olaraq vurğulayırıq.

Bu Bəyannamə Polşanın Katovitse şəhərində keçirilmiş 11-ci Ümumdünya Şəhər Forumunun Bəyannaməsindən ilhamlanaraq Misirin Qahirə şəhərində keçiriləcək 12-ci Ümumdünya Şəhərsalma Forumunun uğuruna töhfə vermək niyyəti ilə tərtib edilmişdir.

Biz NUFA#1 Forumuna ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə və ADA Universitetinə, Ağdam və Bakı şəhərlərinə, həmçinin Forumun keçirilməsinə dəstək verdiyi üçün BMT-nin Məskunlaşma Proqramına təşəkkür edirik. Biz gələcək Milli Şəhərsalma Forumlarının keçirilməsi istiqamətində fəaliyyətlərə töhfə vermək məqsədilə davamlı əməkdaşlığın təmin ediləcəyini bəyan edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti