...

Qarabağdakı beynəlxalq hava limanları Zəngəzur dəhlizinin vacib komponentidir

Siyasət Materials 21 Oktyabr 2022 10:49 (UTC +04:00)
Qarabağdakı beynəlxalq hava limanları Zəngəzur dəhlizinin vacib komponentidir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıda biləcəklər. Prezident İlham Əliyev bu böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin inkişaf strategiyasına uyğundur. Azad edilmiş torpaqlarda nəqliyyat və enerji infrastrukturuna qoyulan investisiyalar bütövlükdə ölkənin iqtisadi yüksəlişi üçün imkanlar yaradır. Bu baxımdan oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı daha bir əlamətdar hadisədir.

İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə Trend-ə bildirib ki, Zəngilan və Füzuli beynəlxalq hava limanlarını Zəngəzur nəqliyyat dəhlizinin mühüm hava komponenti hesab etmək olar.

"Hava limanının açılışı regional əhəmiyyətli nəqliyyat qovşağının formalaşması baxımından mühüm hadisədir. Azərbaycanın qərb bölgəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək bu hava limanları, avtomobil yolları, dəmir yolları sistemi regional avtomobil yolları sistemi, regional və beynəlxalq hava limanları sistemi ilə əlaqələnir. Təsadüfi deyil ki, bu mühüm obyektlərin açılışında Türkiyə prezidenti də iştirak edir. Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Artvin şəhərində beynəlxalq hava limanının açılışında iştirak edib. Bu, çox mühüm layihədir, çünki Türkiyənin şərq bölgələri ilə Azərbaycanın qərb bölgələri arasında əlaqəni təmin edəcək”, - deyə o bildirib.

İ.Vəlizadə qeyd edib ki, Qarabağda çəkilən dəmir yolları da Azərbaycanı Türkiyə ilə birləşdirməyə yönəlib.

"Bu gün biz Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisinin şahidiyik və Zəngəzur dəhlizinin tikintisi layihəsi həyata keçirildikdən sonra bu şəbəkə Azərbaycan və İranın dəmir yolu şəbəkəsi ilə birləşdiriləcək. Biz görürük ki, İran tərəfi də bu nəqliyyat infrastrukturunun tikintisində iştirak etməkdə maraqlıdır", - ekspert deyib.

O vurğulayıb ki, bütün bu təşəbbüslərin həyata keçirilməsi regionda yeni iqtisadi reallıq yaratmaq məqsədi daşıyır.

"Xatırlatmaq istərdim ki, Azərbaycan və Türkiyə prezidentləri Cəbrayılda Qumlaq dəmir yolu vağzalının təməlinin qoyulmasında iştirak ediblər. Bu həm Türkiyə, həm də Azərbaycan tərəfi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən göstəricidir. Vurğulamaq lazımdır ki, Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyəni Mərkəzi Asiya ilə Avropa ölkələri arasında əlaqələndirici kimi qəbul edir. Bütün nəqliyyat növləri ilə yükdaşımaların sürətinin artması regionun yeni nəqliyyat infrastrukturuna, ötürücülük qabiliyyətinin artırılmasına ehtiyacı olduğunu göstərir. Azərbaycanın həyata keçirdiyi bütün layihələr onu göstərir ki, biz bu proseslərə adekvat reaksiya verməyə hazırıq”, - İ.Vəlizadə əlavə edib.

İqtisadçı ekspert Emin Qəriblinin sözlərinə görə, beynəlxalq hava limanlarının, dəmir yollarının və avtomobil yollarının tikintisi tranzit baxımından təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün çox vacibdir.

"Hesab edirəm ki, bu layihələrin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına böyük investisiyalar cəlb edir və davamlı iqtisadi artım yaradır. Azərbaycanın bütün təşəbbüslərinin azad edilmiş ərazilərdə həyata keçirilməsi bütün regionun inkişafına əlavə təkan verəcək", - E.Qəribli bildirib.

Beləliklə, bütün türk dünyasını birləşdirəcək və ölkəmizin tranzit əhəmiyyətini, eləcə də regionun geoiqtisadi mənzərəsini tamamilə dəyişdirəcək Zəngəzur dəhlizi reallığını dünya artıq qəbul edib. Dövlət başçısı işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri ilə bir daha dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan onu bir daha cənnət parçasına çevirəcək. İndi dünya görür ki, bu torpağın əsl sahibi kimdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti