Bakı. Trend:
Azərbaycanda formalaşmış yeni siyasi konfiqurasiyaya nəzər salanda siyasi partiyaların fəaliyyəti ilə bağlı məhdudiyyətin olmadığını, əksinə onlar üçün münbit şəraitin yaradıldığını açıq şəkildə görürük. Xüsusən də son illərdə ali orqan olan Prezident Administrasiyasının məsul şöbəsi tərəfindən partiya rəhbərləri ilə görüşlərin keçirilməsi, onların təkliflərinin dinlənilməsinin tez-tez şahidi oluruq. Bütün partiyalara bərabər şərait yaradılır və hər birinin siyasi proseslərdə iştirakı üçün imkanlar açılır. Onlar bu imkanlardan yararlanmaqla ölkənin siyasi həyatında rol oynaya bilərlər. Son zamanlar bir çox partiyaların ümummilli məsələlərdə dövlətin yanında olması da sevindirici haldır. Azərbaycanda iqtidar heç bir müxalif partiyaya qarşı radikal mövqe sərgiləmir. Müxalifət partiyaları ilə əməkdaşlıq perspektivləri iqtidarın diqqət yetirdiyi məsələlərdəndir. Təbii ki, bu siyasi sistemin inkişafına yönələn addımdır. Son zamanlar iqtidar-müxalifət dialoqu, müxalifətin siyasi proseslərə cəlb edilməsi və bir sıra digər işlər kifayət qədər çoxluq təşkil edir. Nəzərə almaq lazımdır ki, iqtidar bu qədər işi dünyada baş verən qlobal hadisələr, ölkənin iqtisadi inkişafı, işğal faktı ilə mübarizə və bir sıra digər işlərin reallaşdırıldığı dönəmdə həyata keçirmişdir.
Milli Məclisin dekabrın 16-də keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi mahiyyətinə görə son illər ərzində bu sahədə görülən ən önəmli işlərdəndir. İlk öncə vurğulamaq lazımdır ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilmiş, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır. Qanun kifayət qədər mütərəqqi addımdır və ümumilikdə siyasi partiyaların güclənməsinə hədəflənib. Qanunda yer alan müddüəlar mahiyyət etibarı ilə siyasi partiyaların inkişafına yönəlmişdir. Qanun layihəsində yerli və beynəlxaq hüquqa ziddiyət təşkil edən heç bir nüans yoxdur. Hakimiyyət siyasi partiyaların demokratik mühitdə inkişafına və ölkənin siyasi həyatında iştirak etməsinə maraqlıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, qanun layihəsinin geniş ictimai müzakirələri təşkil olunmuş və bütün maraqlı tərəflərin iştirakına şərait yaradılmışır. Düşünürəm ki, qanun kifayət qədər mütərrəqidir və siyasi partiya anlayışının mahiyətinə tam uyğundur. Qanun onlar üçün geniş şərait yaradacaq. Çox keçməz, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müsbət nəticələrini hər kəs görəcək.
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov