...

Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb (FOTO)

Siyasət Materials 28 Yanvar 2023 12:43 (UTC +04:00)
Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb (FOTO)

Bakı. Trend:

İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu öz işinə başlayıb.

Trend-in məlumatına görə, yanvarın 27-dən start götürən qar polosu üzrə dünya kuboku yarışlarında ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə “Land of Fire” komandası təmsil edir. Yarışların ilk turunda komandamız yarımfinala vəsiqə qazanıb və “Land of Fire” bu qələbəni Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktının qarşısını alarkən həlak olmuş baş leytenant Orxan Əsgərovun xatirəsinə həsr edib.

Yanvarın 29-dək davam edəcək yarışlar çərçivəsində turniri yüzlərlə tamaşaçı izləyəcək və bu günlər ərzində qonaqlara Azərbaycan pavilyonunda ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlar barədə məlumatlar təqdim olunacaq, eksponatlar sərgilənəcək. Pavilyonun ilk günündə milli geyimlər, xalça və ipək sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, eləcə də 150 illik tarixi olan kəlağayı maraqla izlənilib. Pavilyonda Azərbaycan ərazisindəki müxtəlif arxeoloji tapıntılar, qədim sənət növləri, o cümlədən dulusçuluq nümunələri sərgilənir və dulusçuluq üzrə ustad dərsləri təşkil olunur.

İzləyicilərə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilir.

Qonaqlar burada Azərbaycan mətbəxi ilə tanış ola və ləziz təamların dadına baxa bilərlər. Pavilyonda Azərbaycanın müxtəlif milli brendləri də təmsil olunur. Belə ki, ölkəmizdəki üzümçülük və şərabçılığın tarixindən məlumat verilir və qonaqlar “Meysəri” brendinin şərablarından dada bilir. Eləcə də “Resm” brendinin, “İRS” qalereyasının tarixi ənənələri yaşadan müasir sənətkarlıq nümunələri olan zinyət əşyaları və “AzərGold” QSC tərəfindən təqdim olunmuş qızıl və gümüş sikkələr sərgilənir.

Bu gün isə ənənəvi “Baku-Moritz night” gecəsi təşkil olunacaq. Tədbir zamanı “Baku-Moritz Polo Award” mərasimi keçiriləcək. Mərasimdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada yaşayan tanınmış azərbaycanlı pianoçu Etibar Əsədli gecənin xüsusi dəvətlisi kimi çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti