Bakı. Trend:
Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk anlarından Azərbaycan dövləti və xalqı qardaş ölkə və onun vətəndaşları ilə misli görünməmiş bir həmrəylik, birlik sərgiləyib, bütün dünyaya gerçək və səmimi qardaşlığın, dostluğun, insansevərliyin nə demək olduğunu nümayiş etdirib.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
"Vətəndaşlarımız içdən gələn bir sevgi ilə, yüksək insani duyğulardan qaynaqlanan bir entiuzam və fədakarlıqla qardaş türk xalqının yaralarını sarımaq, dərdinə şərik olmaq, təbii fəlakətdən zərər çəkən qardaş və bacılarına yardım etmək üçün, sözün əsl mənasında gecə-gündüz bilmədən səfərbər olublar. Zəlzələ barədə məlumatların yayıldığı ilk dəqiqələrdən Azərbaycan xalqının ürəyi Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya, Adanada döyünüb, xilas edilən hər bir insanla həmvətənlərimiz yenidən doğulublar, həlak olan hər bir insan üçün öz doğmalarını itiriblərmiş kimi göz yaşlarına qərq olublar", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, bütün bunlar Azərbaycan vətəndaşlarının qardaş türk xalqına olan sevgisini, səmimi dostluq, qardaşlıq münasibətini nümayiş etdirməklə yanaşı, azərbaycanlılara xas olan yüksək mənəvi keyfiyyətləri də göz önünə sərgiləyir.
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həmvətənlərimizə müraciətində, məhz xalqımıza məxsus bu yüksək keyfiyyətlərin xüsusi olaraq vurğulanması, bizi bir xalq olaraq birləşdirən dəyərlərin hansı yüksək insanı meyarlara söykəndirindən xəbər verir. Mehriban xanım müraciətində Azərbaycan vətəndaşlarına insansevər, mərhəmətə və şəfqətə görə təşəkkürünü bilridir, azərbaycanlı olduğuna görə qürur duyduğunu vurğulayır. Bəli, azərbaycanlı olmaq insansevər, mərhəmətli, şəfqətli, fədakar, səmimi olmaq deməkdir. Biz bir xalq olaraq, ən çətin anlarımızda, az qala bütün dünyanın üzərimizə gəldiyi, haqqımızın tapdandığı zamanlarda belə daşıdığımız bu yüksək mənəvi keyfiyyətlərdən vaz keçməmişik və bizi azərbaycanlı edən, başqalarından fərqləndirən də məhz bu keyfiyyətlərdir.
Hörmətli Mehriban Əliyevanın müraciəti, bütövlükdə Azərbaycan qadınının daşıdığı yüksək insanı dəyərləri, milli təəssübkeşlik hissini simvolizə edir. Qənaətimə görə, Mehriban xanımın müraciəti, həm də Birinci vitse-prezidentin, bütövlükdə isə dövlətimizin xalqımızın qardaş Türkiyəyə münasibətdə nümayiş etdirdiyi həmrəyliyi, sevgini nə qədər yüksək dəyərləndirdiyini nümayiş etdirir", - deyə o əlavə edib.