Bakı. Trend:
Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı ölkəmizin beynəlxalq nüfuzunun təsdiqidir
Dövlət başçısı İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Ənənəvi olaraq hər ilin fevral ayında təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu olmaqla yanaşı, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Azərbaycan forumun illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki Münxen Təhlükəsizlik Konfransında ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə ediləcək. Bu mötəbər beynəlxalq tədbirə 800 nəfərdən çox iştirakçı rəsmi şəkildə dəvət olunub. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı, 40-dan çox ölkənin dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər. Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçıları arasında Prezident İlham Əliyevin olması Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, möhtərəm Prezidentimizə göstərilən yüksək hörmət və etimadın əyani təsdiqidir. Konfrans çərçivəsində ölkə Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
Münxen Təhlükəsizlik Konfransının məqsəd və məramına, missiyasına diqqət yetirdikdə Azərbaycana, Prezident İlham Əliyevə böyük dəyərin verilməsini şərtləndirən amillər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan qalib ölkədir. Dövlətimizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün son iki ildə atdığı addımlar göz önündədir. 30 il dünyaya ədalət çağırışını edən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, sadəcə onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Baxmayaraq ki, bu qətnamələr artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun üzvləri, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən olan ABŞ, Fransa və Rusiyanın iştirakı ilə qəbul edilmişdir, lakin onların icrası 30 il ləngidildi. Təbii ki, bu mühüm məqamlara diqqət yetirməyimiz səbəbsiz deyil. Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu Münxen Təhlükəsizlik Konfransına Azərbaycan daim ədalətin, beynəlxalq hüququn yanında olan ölkə kimi qatılıb və bu nüfuzlu platformadan istifadə edərək dünyaya mesajlarını çatdırıb.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi dövlətimizin başçısının qlobal səviyyəli lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisidir. Həmçinin ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, “Orta Dəhliz” kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu effektiv tərəfdaşlıqlar, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq tədbirin maraq dairəsindədir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdü, forum çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak etdi. Bu görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək dəyərləndirildi. Bildirildi ki, ölkəmizlə Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki il bundan əvvəl tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa İttifaqı əlaqələrinə, həmçinin qurumun digər üzvləri ilə əməkdaşlığının hazırkı səviyyəsinə işıq salır. Hazırkı dövrdə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində dost ölkələrin iştirakı məsələlərinin aktuallığı nəzərə alınaraq bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi üçün mövcud imkanlar müzakirə edildi. Dövlət başçısı İlham Əliyev alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi. Eyni zamanda, dövlət başçısı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün mövcud imkanları diqqətə çatdırdı. Ötən il Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, eyni zamanda, Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş”in əhəmiyyətindən bəhs edildi.
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ilk görüşlərdən Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzu, ölkəmizə, onun liderinə göstərilən etimad özünü aydın şəkildə nümayiş etdirir. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır.