Bakı. Trend:
Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır.
Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində səsləndirib.
“Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.