...

Azərbaycanla Tacikistan arasında qarşılıqlı investisiyalar ikitərəfli əlaqələrin təkanverici qüvvəsi kimi - Prezident İlham Əliyevin Düşənbə səfərinin yekunları

Siyasət Materials 6 Aprel 2023 16:25 (UTC +04:00)
Azərbaycanla Tacikistan arasında qarşılıqlı investisiyalar ikitərəfli əlaqələrin təkanverici qüvvəsi kimi - Prezident İlham Əliyevin Düşənbə səfərinin yekunları
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan səfəri iki ölkə arasında onsuz da uğurlu olan münasibətləri tamamilə yeni səviyyəyə çıxardı. Səfər zamanı imzalanmış çoxsaylı sazişlər qarşılıqlı investisiyaların artırılmasından və maliyyə münasibətlərinin möhkəmlənməsindən mədəni və turizm əlaqələrinin inkişafınadək ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə edir.

Prezident İlham Əliyev Prezident Emoməli Rəhmon ilə birgə mətbuat konfransında Azərbaycanın Tacikistanda investisiya layihələrini gözdən keçirməyə hazır olduğunu, bu ölkənin Azərbaycana təkcə yaxın olmadığını, həm də sabitliyin hökm sürdüyü ölkə olduğunu qeyd edib.

Bundan başqa, Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın növbəti iclasının 2023-cü ildə Tacikistanda keçirilməsinə dair qərar qəbul edildiyini bildirib. Bu tədbir müxtəlif aspektlərdən çox vədvericidir.

"Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik. Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur", - deyə dövlət başçısı qeyd edib.

Prezident Emoməli Rəhmon isə öz növbəsində Tacikistanın Azərbaycanın təklif etdiyi rahat nəqliyyat əlaqələrindən istifadəni davam etdirməkdə, Azərbaycan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlığı inkişaf etdirməkdə, habelə, yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının inşası, alüminium, qiymətli metalların emalı və digər sahələrdə layihələrin birgə reallaşdırılmasını dəstəkləməkdə qətiyyətli olduğunu bildirib.

Dünənki günədək Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlığın hüquqi əsası əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 sazişdən ibarət idi. Artıq buraya daha 14 saziş də əlavə olunub. Bunların içində ən mühüm olanlardan biri iki ölkənin hökumətləri arasında 2025-ci ilədək iqtisadi əməkdaşlıq üzrə tədbirlər planıdır. Bu plan ikitərəfli münasibətlərin dərinləşməsinin effektiv mexanizmləri üçün əsas olmalıdır.

Digər bir saziş nəqliyyat sahəsində tərəfdaşlığı nəzərdə tutur. Azərbaycanla Tacikistan arasında daşınan mal və nəqliyyat vasitələrinə dair ilkin məlumat mübadiləsinin təşkilinə dair protokol ticari əlaqələrin sürətli inkişafına imkan yaradacaq və ümumi logistikanı asanlaşdıracaq. Mərkəzi Asiyanın bütün ölkələri ilə çox gözəl nəqliyyat əlaqələri quran Azərbaycan daima onların yaxşılaşdırılması istiqamətində çalışır və bu ölkənin regionun nəqliyyat qovşağına çevrilməsinə kömək edib. Məhz burada Tacikistan böyük fayda əldə edə bilər.

Bundan başqa, investisiyalar, startapların və sahibkarlığın irəliləyişi sahəsində layihə imzalanıb. Azərbaycanda yaradılmış stabil investisiya mühiti müxtəlif sahələrdə məşğul olan bir çox xarici şirkəti cəlb edib. Azərbaycan həmişə kapitalqoyma və investisiyaların cəlbi üçün açıq olub, beləliklə ölkənin uğurlu təcrübəsi Tacikistanda da tətbiq olunacaq.

Humanitar və mədəni sahələrdə əməkdaşlıq da Azərbaycan-Tacikistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Turizm sahəsində əməkdaşlığın fəallaşdırılmasına dair sazişin ardınca Azərbaycanın "Buta Airways" aviaşirkəti tərəfindən Bakı-Düşənbə reysini işə salınması elan olundu. Bu, qarşılıqlı səfərlərin artmasına şərait yaratmalıdır.

Prezident İlham Əliyev birgə mətbuat konfransında Azərbaycanla Tacikistan arasında mədəni əlaqələrə xüsusi diqqət yetirib: "Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər".

Mərkəzi Asiya ölkələri ilə möhkəm əlaqələrin qurulması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Avropa ölkələri ilə səmərəli tərəfdaşlıq quran Azərbaycan faktiki olaraq Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiyası üçün qapıya çevrilir. İndi isə Azərbaycan-Tacikistan əməkdaşlığında yeni imkanlar bütünlükdə regionun inkişafına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti