...

Azərbaycanda peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır - İsmət Səttarov

Siyasət Materials 8 May 2023 10:23 (UTC +04:00)
Azərbaycanda peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır - İsmət Səttarov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şübhəsiz ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi peşəkar mətbuatın formalaşması və sürətli inkişafı da Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hələ birinci dövrünə nəzər salarkən görmək olur ki, Heydər Əliyev Sovet dövründə Azərbaycanda mətbuatın inkişafı üçün misilsiz xidmətlər göstərib.

Trend-in məlumatına görə, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.

O qeyd edib ki, Ümummilli Liderin səyi nəticəsində kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırılmış, mövcud medianın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradılıb.

O dövrdə Ulu Öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı.

“Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlanmış, kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları görünmüşdür. Bir sözlə Sovet mətbuatında ciddi qadağaların və senzuranın hökm sürdüyü bir vaxtda, Heydər Əliyev söz və mətbuat azadlığının əsasını qoyaraq, bunu Azərbaycanda dəyişməz həyat reallığına çevirib.

Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı isə milli mətbuatımızın xaosdan, anarxiyadan qurtuluşunu, sosial məsuliyyətə əsaslanan söz azadlığı mühitinin yaranmasını təmin etmişdir. Elə həmin dövrdən başlayaraq Azərbaycan mətbuatında yeni səhifə açılmışdır. Təsadüfi deyil ki, Azərbaycanın Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz fikrini sərbəst ifadə etmək hüquqları təsbit olunub.

1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar azad və sərbəst formada fəaliyyət göstərsin. 1998-ci ildə dövlət başçısı Heydər Əliyevin fərmanı ilə senzuranın ləğv edilməsi bu sahədə dönüş yaratmış, ölkədə yeni dövr jurnalistikasının yaranmasına yol açmışdır.

1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etmiş, yeni mətbuat orqanlarının təsis olunması prosedurasını asanlaşdırılmışdır. 2000-ci ilin martında Ulu Öndərin sərəncamı ilə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqamı təsdiq olunmuş, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdir.

2002-ci ildə ''Televiziya və radio yayımı haqqında'' qanun qəbul edilmiş, 2003-cü ildə Milli Televiziya və Radio Şurası fəaliyyətə başlamışdır. Bu addım Avropada mövcud olan tənzimləmə sisteminə keçid olmuşdur. Belə ki, bu sahədə nazirliyin ləğv olunaraq, müstəqil tənzimləyici orqanın yaradılması, daha sonra 2004-cü ildə “İctimai televiziya və radio yayımı haqqında” qanunun qəbul olunması Avropa Şurasının tövsiyə və prinsiplərinə uyğun həyata keçirilmişdir. Bütün bunlar Azərbaycan teleradio və mətbuat sferasının dünya mediasına inteqrasiyasını, jurnalistika sahəsində yeni-yeni nailiyyətlərin əldə edilməsini sürətləndirmişdir”, - deyə o əlavə edib.

İ.Səttarov vurğulayıb ki, azad mətbuatın inkişafına əngəl yaradan süni manelərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, media işçiləri ilə mütəmadi görüşlər kimi ənənələrin yaradılması Heydər Əliyevin azad sözə və media işçilərinə verdiyi dəyərin bariz nümunəsidir.

“Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi ənənənin əsası da məhz Ümummilli Lider tərəfindən qoyulmuşdur. 2000-ci ildə Ulu Öndərin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirilmişdir. Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Məhz Ümmumilli Liderin gələcəyə hesablanmış uzaqgörən xidmətlərinin nəticəsidir ki, bu gün Azərbaycan mediası özünün inkişaf mərhələsini yaşayır. Əsası Ulu Öndər tərəfindən qoyulan söz və fikir azadlığının bünövrəsi üstündə qurulan müasir və güclü media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanları yaratmışdır. Son illər media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

Hazırda Şura audiovizual media sahəsində qabaqcıl tənzimləmə metodlarının tətbiqi və müasir tələblərə cavab verən audiovizual industriyanın inkişafının təmin olunması istiqamətində ciddi fəaliyyət göstərir. Qeyd olunmalıdır ki, 2000-ci illərin əvvəllərində Azərbaycanda televiziya və radio yayımı sahəsində 10-a yaxın biznes subyekti mövcud idisə, yaranmış yeni reallıqlar, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ən əsas da bu sahədə yaranmış rəqabət və münbit mühit nəticəsində hazırda 100-dən çox audiovizual media subyekti bazarda aktiv fəaliyyət göstərir. Azərbaycanda söz və məlumat azadlığının təmin olunmasının nəticəsidir ki, hazırda yüzlərlə media subyekti cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm rol oynayır.

Azərbaycanın hazırki mediası Ulu Öndərin bizə miras qoyduğu dövlətçilik, azərbaycançılıq, ənənələrə və milli kimliyə bağlılıq, eyni zamanda müasirlik, yenilikçilik kimi ideyaların təbliği üçün əlindən gələni əsirgəmir. Ona görə də bu gün əminliklə demək olar ki, media ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir.

Sonda bir daha qeyd etmək istərdim ki, müstəqilliyini bərpa etmiş azad, demokratiya yolunda addımlayan müasir Azərbaycanın banisi kimi Ulu Öndərimiz Heydər Əliyev, eyni zamanda, cəmiyyətin mühüm qolu olan, müasir və daim yeniliklər axtarışıda olan mediamızın da yaradıcısı və ilham mənbəyi sayılır”, - deyə İ.Səttarov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti