Bakı. Trend:
Azərbaycan Ermənistan tərəfi xoş məram göstərməyə və bütün aspektlərdə normallaşma üzrə danışıqlar çərçivəsində daha çox səy göstərməyə çağırır.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vilnüsdə litvalı həmkarı Qabrielius Landsbergislə brifinqdə deyib.
"Litvalı həmkarıma regionumuzda münaqişə sonrası vəziyyət, Azərbaycanın regional sülh gündəliyinin irəliləyişi üzrə səyləri, o cümlədən ABŞ-də Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundu barədə ətraflı məlumat verdim. Müzakirələrimizin gündəliyində işğaldan azad olunmuş ərazilərdə görülən təmir-tikinti işləri, nəqliyyat yollarının və kommunikasiyaların açılması dayanırdı", - nazir deyib.
"Bütünlükdə qismən dinamikaya baxmayaraq, normallaşmanın hər üç aspektində, daha dəqiq desək, ikitərəfli münasibətləri müəyyən edəcək sülh sazişi layihəsinin hazırlanması, dövlət sərhədinin demilitasiyası, həmçinin nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ki gözləntiləri doğrultmayıb", - nazir deyib.
C.Bayramovun sözlərinə görə, o həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı mina təhdidi məsələsini də qaldırıb ki, bu da insan haqlarının bariz pozuntusu və sosial-iqtisadi inkişafın, həmçinin Azərbaycanın məcburi köçkünlərinin öz evlərinə qayıdışının qarşısında duran maneədir.
"Müharibədən sonra Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb, onlardan 54 nəfər həlak olub", - xarici işlər naziri deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)