...

“Bakı Enerji Həftəsi”ndə səsləndirilən fikirlər ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu - Vüqar Rəhimzadə

Siyasət Materials 6 İyun 2023 19:06 (UTC +04:00)
“Bakı Enerji Həftəsi”ndə səsləndirilən fikirlər ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu - Vüqar Rəhimzadə

Bakı. Trend:

Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti, eyni zamanda, keçirildiyi məkan, iştirakçıların say tərkibi, onların hansı ölkələri və şirkətləri təmsil etmələri ilə diqqətdə olur. Bu baxımdan mayın 31-dən iyunun 3-dək dünyanın enerji mərkəzlərinin nəzərlərini yenidən Azərbaycana yönəldən 28-ci Xəzər Neft və Qaz Sərgisi son dərəcə diqqətçəkən beynəlxalq əhəmiyyətli tədbir oldu. Paytaxtımızın üç mötəbər tədbiri bir ad altında birləşdirən “Bakı Enerji Həftəsi”nə ev sahibliyi uğurla başa çatsa da, orada səsləndirilən çağırışların təhlili davam edir. Xəzər regionunun ən nüfuzlu enerji tədbirinin açılışında Prezident İlham Əliyev Azərbaycanın ilk neft-qaz sərgisinin keçirilməsindən, eyni zamanda, “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək ölkəmizin enerji sektorunda qazandığı uğurların fonunda belə bir mühüm məqamı xüsusi vurğuladı ki, bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Dövlətimizin başçısı bu reallığı da böyük fəxr hissi ilə diqqətə çatdırdı ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırırlar. Bu, çox vacib bir məsələdir. Neft-qaz sərgisində, həmçinin dünyanın bir çox ölkələrinin təmsilçilərinin, şirkət nümayəndələrinin, beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini artırmaqla yanaşı, onların səsləndirdikləri fikirlər ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu. ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt bildirdi ki, Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olub. ABŞ bundan sonra da əməkdaşlığı davam etdirəcək və əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən təmin olunacaq. Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero məmnunluqla qeyd etdi ki, Azərbaycan artıq etibarlı enerji tərəfdaşına çevrilib. Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla bir yerdə işləyərək enerji keçidimizi təmin etmək önəmli vəzifədir. Enerji tərəfdaşlarımızın Azərbaycanla bağlı nikbin fikirlərini xeyli sayda sadalaya bilərik. Bu, onu təsdiqləyir ki, Azərbaycan hər bir layihənin uğurlu sonluqla başa çatmasına səy göstərərək həm enerjiyə olan daxili tələbatını ödəmiş, həm də dünyanın enerji təhlükəsizliyini təmin etmiş olur.

Trend xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

O qeyd edib ki, tədbirin sponsorlarının say tərkibinin genişliyi “Bakı Beynəlxalq Enerji Həftəsi”nin yüksək statusa malik olduğunu, sərgiyə marağın daha da artdığını göstərdi. Təbii ki, yeni çağırışlar bu tərkibin növbəti sərgilərdə daha da genişlənəcəyi barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyev sərginin açılış mərasimindəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, komanda işi davam etdirilməlidir. Artıq yeni iştirakçılar, yeni ideyalar, planlar var. Bunları reallaşdırdıqca, bütün işlər uğurla gedəcək.

Baş redaktor onu da əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, ayrı-ayrı şirkət və müəssisələrin öz uğurlu nəticələrini və perspektivlərini geniş nümayiş etdirmələri tədbirə marağı daha da artırdı. Bundan əlavə, ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrinin operatoru “bp” şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın “Total”, Azərbaycanda bərpaolunan enerji layihələrinin iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” , Özbəkistanın “Uzbeknefteqaz” və dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarla firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyətlərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazandılar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR da baş tərəfdaş olaraq sərgidə geniş təmsil olundu.

Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində “Bakı Enerji Forumu”nun xüsusi sessiyasının Naxçıvan şəhərində təşkil olunması dahi şəxsiyyət Heydər Əliyevə böyük ehtiramın və sevginin bariz nümunəsi idi. Ümummilli Liderin doğulduğu Naxçıvanda bu gün dahi rəhbərin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs etmək böyük qürurdur. Xüsusi sessiyada bir daha Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin böyüklüyü əsaslı şəkildə diqqətə çatdırıldı. Ümummilli Liderin böyük səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu xüsusi vurğulandı. Sərgi həm ölkəmizin, həm də Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında öz payı və rolu olan Azərbaycan Dövlət Neft Şirkətinin imkanlarının təqdimatı oldu.

Baş redaktor bu xatırlatmanı da edib ki, ötən il 27-ci Xəzər Neft və Qaz Sərgisi çərçivəsində yaşıl enerjiyə həsr olunan xüsusi sessiya Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada keçirilmişdir. İşğaldan azad edilmiş ərazilərimizin bərpaolunan enerji potensialına malik olduqları inkaredilməzdir. Həmin xüsusi sessiya çərçivəsində bir sıra sənədlər imzalanıb. Şuşanın ardınca Naxçıvan şəhərinin Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirməsi bir daha bu reallığı nümayiş etdirir ki, hər bir bölgəmiz zəngin potensiala, ölkəmizin enerji təhlükəsizliyinin təminatında öz sözünü demək imkanlarına malikdir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Xəzər Neft-Qaz Sərgisi artıq 28 ildir neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm beynəlxalq platformaya çevrilib. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Həmçinin tədbirin bir çox ölkələrdən olan nüfuzlu şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi, vacib qərarların qəbul edildiyi və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu məkana çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti