...

Azərbaycan Ordusu hər birimizin qürur mənbəyi olmaqla yanaşı, təhlükəsizliyimizin də əsas təminatçısıdır - Sevil Mikayılova

Siyasət Materials 26 İyun 2023 10:26 (UTC +04:00)
Azərbaycan Ordusu hər birimizin qürur mənbəyi olmaqla yanaşı, təhlükəsizliyimizin də əsas təminatçısıdır - Sevil Mikayılova

Bakı. Trend:

Bu gün 105 yaşı tamam olan Azərbaycan Ordusu hər birimizin qürur mənbəyi olmaqla yanaşı, təhlükəsizliyimizin əsas təminatçısıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu

"1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin başçılığı altında tamamilə yeni mərhələyə qədəm qoydu.

"Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.Məhz bu uğurlu siyasətin nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz 2020-ci il Vətən Müharibəsində qazandığı parlaq qələbə ilə Azərbaycan tarixinin şanlı səhifəsini yazdı.

Bu gün Azərbaycan Ordusunun keçirdiyi peşəkar əməliyyatlar,q azandığı tarixi zəfər dünyanın aparıcı hərbi tədris mərkəzlərində öyrənilir"- deyə o, əlavə edib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü orduları sırasındadır: "Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarət olan Azərbaycan Ordusunun dinamik inkişaf tempi olduqca yüksəkdir.

"Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun inkişafı tempi geniş vüsət alıb. Artıq Azərbaycan Ordusunda çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələr yaradılır. Prezident İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi birləşmələrinin yaradılması bunun göstəricisidir. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir".

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığından da bəhs edən Sevil Mikayılova vurğulayıb ki, Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır.Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Qardaş Türkiyə ilə bərabər, Azərbaycan, eyni zamanda, İsrail, Pakistan və digər dövlətlərlə də hərbi əməkdaşlıq edir".", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova əlavə edib ki, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi bundan sonra da Azərbaycan Ordusunun təkmilləşdirilməsi davam etdiriləcək.

"Əminik ki, atılacaq addımlar, təbii ki, daha çevik, daha döyüşkən və yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusunun yaranmasına gətirib çıxaracaq", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti