...

Ermənistan qəsdən regionda vəziyyəti gərginləşdirməyə çalışır – Afət Həsənova

Siyasət Materials 11 İyul 2023 14:01 (UTC +04:00)
Ermənistan qəsdən regionda vəziyyəti gərginləşdirməyə çalışır – Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri son günlər Kəlbəcər və Naxçıvan istiqamətlərində ordumuzun mövqelərini atəşə tutmaqla qəsdən regionda vəziyyəti gərginləşdirməyə çalışırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ermənistan tərəfi regionda qəsdən vəziyyəti gərginləşdirməklə sülhün bərqərar olmasına əngəllər törədir və öz qeyri-konstruktiv mövqeyini pərdələməyə çalışır.

“Bununla da bir daha Ermənistan sülhün tərəfdarı olmadığını göstərir, öz işğalçılıq siyasətini və revanşist ambisiyalarını ortaya qoyur. Bu gün məlumdur ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Dünya ictimaiyyəti Vətən müharibəsində tarixi Zəfəri ilə Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. İndiyə qədər istər Avropa İttifaqının, istər Rusiyanın, istərsə də ABŞ-ın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun keçirilib.

Dünya ictimaiyyəti regionda sülhün bərqərar olmasını, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. Lakin Ermənistan tərəfi hər zaman olduğu kimi pozuculuq siyasəti yürüdərək götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq üçün ardıcıl təxribatlara əl atır”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, qüdrətli Azərbaycan ordusu Ermənistan tərəfinin hər bir təxribatına layiqli cavab verir. “Ermənistan və onun havadarları bu yolla Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Lakin hər dəfə özlərini daha çətin vəziyyətə salırlar. Vətən müharibəsindən sonra Azərbaycan qarşıya qoyduğu hədəflərə uğurla və qətiyyətlə nail olur və bundan sonra da ölkəmizi heç kim öz mövqeyindən döndərə bilməz”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti