Bakı. Trend:
Vətən müharibəsində düşmənə sarsdıcı zərbə vuran, düşməni acınacaqlı məğlubiyyətə uğradan Azərbaycan postmüharibə dövründə də eyni qətiyyətli addımlar artır. Ölkənin hərbi və iqtisadi qüdrəti hər keçən gün daha da artır. İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlət başçısının bəyan etdiyi kimi bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən Azərbaycan elə güc yaradır ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.
“Dövlət başçısı onu da bəyan etdi ki, daha böyük işlər də görülməlidir. Cənab Prezident həmçinin “Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır” deyə bəyan etdi. Bu isə olduqca mühüm əhəmiyyət kəsb edir”, - deyə V.İskəndərov bildirib.
Deputat əlavə edib ki, müşavirədə də vurğulandığı kimi, bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir.
“Qeyd edim ki, bu sahədə də uğurlu addımlar atırıq. Bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Dövlət başçısının da qeyd etdiyi kimi, son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Bir sözlə, görünüən odur ki, Azərbaycan hərbdə olduğu kimi, diplomatiya cəbhəsində inamlı addımlarını davam etdirir”, - deyə deputat əlavə edib.