Bakı. Trend:
44 günlük Vətən müharibəsində Azərbaycan ordusu öz gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz öz unikal əməliyyatları ilə dünya hərb tarixində yeni bir nümunə yaratdı. Ölkədə uzun illər ərzində aparılan ordu quruculuğunun nəticəsi idi ki, cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoyuldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Vətən müharibəsindən sonra da ölkəmizdə ordu quruculuğu sürətlə davam edir, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, müasir texnika və silahlarla təmin edilmısi, hərbçilərimizin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Prezident İlham Əliyev 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ordu quruculuğu məsələsinə də toxunaraq bu gün Azərbaycan Silahlı Qüvvələrinin daha böyük hərbi potensiala malik olduğunu diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, “Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir.”
Deputat bildirib ki, bu gün Azərbaycan xalqı öz ordusuna güvənir, təhlükəsizliyimiz etibarlı əllərdədir. “Bəllidir ki, regionda və dünyada Azərbycanın əldə etdiyi uğurları gözü götürməyən qüvvələr var və onlar hər vəchlə çalışırlar ki, ölkəmizə təzyiq göstərsinlər, nələrəsə nail olsunlar. Ermənistanın Azərbaycana qarşı müntəzəm olaraq törətdiyi hərbi təxribatların məqsədlərindən biri də məhz budur. Lakin güclü ordumuzun hər dəfə bu təxribatlara layiqli verməsi və düşməni itkilərə məruz qoyması ölkəmizə qarşı çirkin planları iflasa uğradır.
Azərbaycan ordusu getdicə gücünü daha da artırır. Dövlət başçısı öz çıxışında qeyd etdi ki, “Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”.
Hesab edirəm ki, dövlət başçısının bu sözləri Ermənistana və onun havadarlarına növbətio mesaj olmalıdır. Onların ölkəmizə qarşı çirkin planları bundan sonra da iflasa uğrayacaq”, - deyə deputat əlavə edib.