Bakı. Trend:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Bu layihə çərçivəsində ən önəmli komponentlərdən biri də “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisidir. Artıq məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb sakinlərin istifadəsinə verilib və orada artıq ailələr yaşayır. Növbəti belə bir kənd isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək.
Trend xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib.
Onun sözlərinə görə, Dövlətyarlı kəndində artıq layihələndirilmə işləri yekunlaşmaq mərhələsindədir. Kənddə bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru isə artıq işə başlayıb.
“Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpa olunması nəzərdə tutulur. Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada tətbiq ediləcək “ağıllı” həllər məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən böyük effektivliklə bütün dünyada infrastruktur sahəsində tətbiq olunur.
Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir. Qeyd edim ki, layihə çərçivəsində ümumilikdə ərazisi 470 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfərin köçürməsi planlaşdırılır. Kəndə əvvəlcə 917, növbəti mərhələdə isə 600 ailə köçürüləcək”, - deyə E.Hüseynov vurğulayıb.
O əlavə edib ki, layihəni önəmli edən digər bir məqam isə Baş Qərvənd kəndinin keçmiş təmas xətti dediyimiz ərazidə yerləşməsidir. Kənd həddindən artıq mina ilə çirklənmiş bir ərazidədir. Ümid edirik ki, Baş Qərvənd kəndində layihə tez bir zamanda yekunlaşacaq.
Qeyd edək ki, Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar Azərbaycana səfəri zamanı Trend-ə özəl müsahibəsində bildirib ki, Slovakiya 2024-cü ilin yazında Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı" kəndin tikintisinə başlayacaq.