...

Tacikistan və Azərbaycan qarşılıqlı investisiyaların və birgə müəssisələrin inkişafını hədəfləyir - səfir (ÖZƏL MÜSAHİBƏ)

Siyasət Materials 12 Sentyabr 2023 08:00 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

Bunu Trend-ə özəl müsahibəsində Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon deyib.

"Əminliklə qeyd etmək istərdim ki, hörmətli liderlərimizin müdrik siyasəti və düzgün formalaşmış ikitərəfli əlaqələr sayəsində hazırda ölkələrimiz arasında siyasi, diplomatik, ticari-iqtisadi və mədəni-humanitar məsələlər üzrə qarşılıqlı əlaqələr kifayət qədər yüksək səviyyədədir və ikitərəfli əməkdaşlığın inkişafı üzrə yaranan bütün məsələlər daima dostluq zəminində həllini tapır", - səfir deyib.

Onun sözlərinə görə, nəqliyyat, energetika və turizm sahəsində çox yaxşı perspektivlər mövcuddur. Ölkələr bütün istiqamətlər üzrə fəal əməkdaşlığı və mühüm nəticələrin əldə olunmasını hədəfləyir.

Səfir qeyd edib ki, Tacikistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, aqrar sənaye kompleksi, energetika, yüngül sənaye, nəqliyyat, kommunikasiya və maliyyə sektoru təşkil edir.

Hazırda ölkələr enerji sektorunu, neft sənayesi və alüminium sahəsini əhatə edən iqtisadi xarakterli bir çox layihə üzərində çalışır.

"Azərbaycan şirkətlərinin sənaye sahəsində, mədənçıxarma və mədən emalı sənayesi, alüminium sahəsi, hidroenergetika, neft-qaz, tikinti, nəqliyyat, telekommunikasiya sahəsində və aqrar sektorda birgə layihələrin icrasında iştirak imkanlarını nəzərdən keçirməyə hazırıq", - İlxom Abduraxmon deyib.

Səfir əlavə edib ki, innovasiya texnologiyaları sahəsində birgə layihələrin hazırlanması da ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri ola bilər.

"Azərbaycanın "elektron hökumət" sisteminin tətbiqi üzrə böyük təcrübəsini nəzərə alaraq, Tacikistanın müvafiq qurumlarının ölkəmizdə də bu sistemi tətbiq etmək məqsədilə Azərbaycan tərəfi ilə qarşılıqlı əlaqələr qurmasını məntiqəuyğun hesab edirəm", - səfir deyib.

O bildirib ki, Tacikistan ərazisində kənd təsərrüfatı məhsullarının emalı üzrə birgə müəssisələrin yaradılması da olduqca səmərəli görünür.

Səfir qeyd edib ki, Tacikistanda kimyəvi və filiz-mədən sənayesi, tikinti materiallarının istehsalı üzrə sənaye əlaqələrinin inkişafı ilə bağlı böyük imkanlar, ilkin alüminiumun, pambıq lifinin, qiymətli və yarıqiymətli daş və metalların emalı üçün mühüm ehtiyatlar var.

Xüsusən, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin Sumqayıt Kimya Sənaye Parkına səfəri zamanı Azərbaycanla alüminium sənayesinin, o cümlədən Tacikistana neft koksu tədarükünün inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub.

O həmçinin əlavə edib ki, Tacikistan üçün yun, sap, yun parça və tikiş məhsullarının emalı, eləcə də xalçaçılıq üzrə birgə müəssisələrin yaradılması məsələsi maraqlıdır. İlxom Abduroxmon qeyd edib ki, Tacikistan Azərbaycana investisiya qoyuluşunda və hidroenergetika sahəsində, qarşılıqlı əlverişli şərtlərdə hidroenergetika sahəsində müxtəlif iqtisadi layihələrin birgə icrasında maraqlıdır.

"Bu kontekstdə Tacikistanın hidroenergetika proqramlarının bütünlükdə Mərkəzi Asiya regionunun inkişaf məqsədləri üçün əhəmiyyətini xüsusən vurğulamaq istərdim. Yaxşı məlumdur ki, Tacikistan hidroenergetika resursları ilə zəngindir və hazırda bu resursların yalnız cüzi hissəsi istifadə olunur. Bununla belə, regionun və yaxınlıqdakı ölkələrin elektrik enerjisi ehtiyacı ilbəil artır", - səfir deyib.

Onun sözlərinə görə, ticari-iqtisadi, investisiya əlaqələrinin dərinləşməsi ikitərəfli əməkdaşlığın prioritet istiqamətini təşkil edir.

"Münasibətlərimizi keyfiyyət baxımından yeni səviyyəyə çıxarmaq məqsədilə Tacikistan-Azərbaycan münasibətlərinin ticari-iqtisadi istiqamətində səmərəli qarşılıqlı əlaqələr zəruridir. Bu, Azərbaycan Respublikasının Prezidentinin bu ilin aprel ayında Tacikistana səfəri zamanı Azərbaycan və Tacikistan Prezidentlərinin birgə bəyanatlarında vurğulanıb. Sənaye, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları, rabitə, nəqliyyat, energetika, turizm və s. sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var", - İlxom Abduroxmon deyib.

Səfir daha sonra bu il Düşənbə və Bakı arasında birbaşa aviaəlaqənin bərpa olunduğunu qeyd edib.

"İnanırıq ki, aviareyslərin bərpası turizm sahəsində əməkdaşlığın və ticari münasibətlərinin inkişafı, o cümlədən yeni investisiya layihələrinin icrası üzrə geniş imkanlar açacaq", - o deyib.

"Tacikistan fəal istirahət etməyə üstünlük verən şəxsləri cəlb edən zəngin mədəniyyəti və tarixi irsi, unikal yaşıl təbiəti, eləcə də misilsiz yüksək dağları və möhtəşəm gölləri hesabına özündə böyük turizm potensialı ehtiva edir", - səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün dünyadan səyahətçiləri cəlb edən müxtəlif mədəni və təbii görməli yerləri sayəsində tacik turistlər üçün böyük maraq kəsb edir.

"Vətəndaşlarımız qardaş Azərbaycana turlar edərək Qafqaz regionunun zəngin mədəniyyəti və unikal təbiəti ilə tanış olmaqda getdikcə daha çox maraqlıdır. Tacikistan turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və inkişafında aktiv şəkildə maraqlıdır", - səfir deyib.

O qeyd edib ki, 7 iyul 2023-cü il tarixində keçirilən Tacikistanla Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasın yekunlarına görə, tərəflər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, birgə sənaye müəssisələrinin yaradılması, o cümlədən Azərbaycandan "Azeri Light" markalı xam neftin Tacikistanın ehtiyacları üçün istehsal məqsədilə "Danqara" Azad İqtisadi Zonasında neft-emalı zavoduna nəqli üzrə konkret layihələrin icrası barədə razılığa gəliblər.

Səfir bildirib ki, 29-30 sentyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində "Düşənbə 2023" Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Forum Tacikistan Prezidenti Emoməli Rahmonun təşəbbüsü və dəstəyi ilə keçiriləcək.

Forumun məqsədi Tacikistanın potensialı və əlverişli investisiya mühiti ilə tanışlıq, investisiyaların cəlbi, yerli şirkətlər və xarici investorlar arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsi, eləcə də dördüncü strateji hədəfin - ölkənin sürətləndirilmiş sənayeləşdirilməsinin həyata keçirilməsi məqsədilə rəqəmsal biznesin inkişafı üçün imkanların yaradılmasından ibarətdir.

Səfir Azərbaycanın işgüzar çevrələrinin forumda aktiv iştirakına ümid etdiyini bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti