...

Azərbaycanda bu sahədə geniş qadağalar müəyyən edilir

Siyasət Materials 28 Sentyabr 2023 13:51 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət və digər müvafiq orqanların rəqabət mühitinə təsirinin minimallaşdırılması üçün geniş qadağaların müəyyən edilməsi artıq Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında deyib.

O qeyd edib ki, subsidiya və digər dövlət yardımlarının verilməsi prosesində rəqabət orqanının rəyinin alınması tələbi də sənəddə əks olunub.

“Bu çox vacibdir. Çünki bu gün bazarda mövcud olan proseslərdən görə bilərik ki, hər hansı bir təşkilata, dövlət şirkətinə subsidiyalar verildikdə bunlar birbaşa azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərə rəqabət nöqteyi-nəzərdən böyük mənfi təsirlər göstərə bilər.

Buna görə də subsidiyalaşdırması mexanizminin rəqabət orqanı tərəfindən izlənilməsi və icazələrin verilməsi prinsipi Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsində öz əksini tapıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Xəbər lenti

Xəbər lenti