...

Paşinyana ümid edən buqələmun - İrəvan Makronun tüstüsünə kor olacaq?

Siyasət Materials 6 Oktyabr 2023 12:35 (UTC +04:00)
Paşinyana ümid edən buqələmun - İrəvan Makronun tüstüsünə kor olacaq?
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistananın bu yaxınlarda İrəvan səfəri və anti-Azərbaycan çıxışları qulağımızdan getməmiş, diplomat indi də Parisə qayıdar-qayıtmaz yenidən Ermənistanın silahlandırılması məsələsində ölkəsinin yardım olmaq niyyətini yenidən bəyan edib. “France 2” telekanalına müsahibəsində Ketrin Kolonna deyib ki, hərbi texnikanın tədarükü məsələsi ilə bağlı Ermənistanla dialoqa başlanılacaq.

Eyni fikirləri Fransanın xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də İrəvanda da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirmişdi. O qeyd etmişdi ki, Fransa Ermənistanın müdafiəsini təmin etmək üçün Ermənistana hərbi texnikanın verilməsinə icazə verən saziş imzalamağa hazırdır.

Göründüyü kimi Fransa bu gün bütün vasitələrdən istifadə edərək Ermənistanı yeni müharibəyə hazırlamağa çalışır. İş orasındadır ki, rəsmi Paris bunu tək hərbi istiqaməti barədə düşünmür, Emanuel Makronun rəhbərlik etdiyi Fransa dövləti eyni zamanda Ermənistanı psixoloji və mənəvi olaraq da yeni ekslasiyaya hazırlamaq istiqamətində praktiki addımlar atmaqla məşğuldur.

Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın ərazisi kimi tanımasına, ötən gün Qranadada bununla bağlı rəsmi sənədə imza atmasına baxmayaraq Fransa hakimiyyəti ermənidən çox erməni olmaq niyyətindən əl çəkmir, hər vəchlə revanşist, radikal erməniləri Azərbaycana qarşı qaldıraraq vəziyyəti gərginləşdirməkdə maraqlılığını gizlədə bilmir.

Son 30 ildə heç vaxt Ermənistana təzyiq etməyən, işğal faktının aradan qaldırılması üçün çağırışları ilə göz dəyməyən, mənasız və əhəmiyyətsiz danışıqlarla imitasiya görüntüsü yaradan Fransanın bu gün erməni separatçılarının aqibətinə acıması, Ermənistanın ərazi bütövlüyümü tanımasından narahatlıq keirməsi Azərbaycanı təəccübləndirə bilməz. Əgər Fransa 44 günlük müharibəyə kimi təcavüz edən ölkə ilə təcavüzə məruz qalan ölkə arasında bərabərlik işarəsinin qoyurdusa, bu işarə indi tamamilə Ermənistanı göstərir. Məhz bu cür ikilistandartlara görə Fransanın vasitəçiliyi iflasa uğradı. İndi isə Fransa bu cür yanaşma ilə özünün xarici siyasətindəki olub-qalan nüfuzunu xərcləyib bitirməklə məşğuldur.

Paris-İrəvan tandemi regional təhlükəsizlik arxitekturasına ciddi təhdid yaradır. Bu təhdid hər gün daha da artır. Ermənistan əgər düşünürsə ki, onun gələcəyi ilə bağlı ən doğru istiqamət Fransanın göstərdiyi yoldur, o zaman rəsmi İrəvan növbəti böyük səhvə yol vermiş olacaq. Nikol Paşinyan hakimiyyəti müstəqil, sabit dövlət istəyirsə, Afrikada (Burkina-Faso, Malı, Əlcəzair) itirilmiş mövqelərini Cənubi Qafqaz hesabına bərpa etməyə çalışan Fransadan uzaq qaçmalıdır. Əks təqdirdə Ermənistan özünün varlığını ciddi təhlükə altında qoymuş olacaq. Çünki Ermənistanın yürütdüyü siyasət bu gün region dövlətlərinin heç birinin marağına xidmət etmir. Belə olan halda isə iqtisadi durumu bərbad vəziyyətdə olan, demoqrafik vəziyyəti sürətlə pisləşən, hərbi sənayesi acınacaqlı hala düşən Ermənistanın fiaskosu qaçılmazdır.

Buna görə də yaxşı olar ki, nə qədər ki, gec deyil Ermənistan rəhbərliyi xanım Kolonnanın “etibarlı müttəfiqik” iddiası barədə ciddi düşünsün. Yəqin ki, Ermənistan hakimiyyəti başa düşür ki, Fransa ipiylə quyuya eniləsi bir ölkə deyil. Uzağa getməyək, təxminən bir ay əvvəl Paris merinin Laçın yolu ilə bağlı təşkil etdiyi "yardım" tırları şousu erməni ictimaiyyətini xeyli həvəsləndirmişdi, hətta, Xankəndiyə Fransa bayraqları belə asıldı. Nəticə nə oldu?! Azərbaycan lokal antiterror tədbirləri ilə Xankəndi də daxil Rusiya sülhməramlılarının 3 il idi müvəqqəti nəzarətində olan bütün Qarabağ ərazisinə nəzarəti təmin etdi, ərazi bütövlüyü məsələsini beynəlxalq hüquq normaları çərçivəsində yoluna qoydu.

Bu, Ermənistan üçün bir nümunə, dərs olmalıdır. Nikol Paşinyan Makronun artistliyinə arxayınlaşıb, bölgədə yeni eskalasiya riskini artırmaq əvəzinə Bakının şərtlərinə konstruktivlik göstərib, regional təhlükəsizliyi töhvə vermək barədə düşünsə yaxşı olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti