Bakı. Trend:
Dünyada baş verən proseslər göstərir ki, dünyanın xüsusən də super
güc dövlətlərinin bəziləri ölkələr arasında olan gərginlikləri
artırmaq niyyətindədir. Bu gün xüsusən də İsrail-Fələstin
müharibəsində tərəfləri sülhə çağırmaq əvəzinə aranın
qızışdırılması göstərir ki, bəzi dövlətlər münaqişəni nizamlamaqda
maraqlı deyillər.
Bunu Trend-ə
açıqlamasında deputat Vüqar İskəndərov deyib.
O qeyd edib ki, Qərbin həmişəki kimi ikiüzlü siyasəti bölgədə
günahsız insanların qırılmasına rəvac verir.
“Həmişə “ədalət carçısı” olan qərb dövlətləri insanlıq qətliamını
görür və susur. Özünü tərəfsiz göstərir. Hələ bu azmış kimi ABŞ-ın
bölgəyə təyyarə və gəmilər göndərməsi, İsrailə hərbi yardımlar yeni
təhlükələrin yaranmasından xəbər verir.
Vaxtilə BMT-də Təhlükəsizlik Şurası adı altında birləşən üzvlərin
bu gün dünya üçün real təhlükələr yaratması bu qurumun da
fəaliyyətinə artıq kölgə salır. Fransa tərəfləri sülhə çağırmaq
əvəzinə koalisiya yaratmağı təklif edir. Bu da əlbəttə dünyanı yeni
müharibələrə sürükləyir. Dünya sanki yüz illər əvvələ qayıdır.
Makron klassik səlibçi konsepsiyasından çıxış edir, problemə
səlibçi təfəkkürü ilə yanaşır. Bütün bunlar isə heç də dünyaya
yaxşı nəsə vəd etmir. Əksinə 3-cü Dünya müharibəsinə gətirib çıxara
bilər. Əlbəttə inkişaf etmiş ölkələr həyəcan təbili çalmalı və
münaqişələri nizamlamalıdırlar. 3-cü dünya müharibəsi heç bir
dövlət üçün yaxşı nəticələnə bilməz.
Biz əvvəlki dövrlərdə belə müharibələrin dünyanı, bəşəriyyəti necə
geri saldığının şahidi olmuşuq. Ona görə də qərb dövlətləri ikili
standartlardan əl çəkməli, ikiüzlü siyasətdən qurtarmalı və yeni
dünya üçün planlar gerçəkləşdirməlidir”, - deyə deputat əlavə
edib.