Bakı. Trend:
1923-cü ildən bu yana Türkiyənin bütün sahələrində qadınların önəmli rolu olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Qadın Hüquqları Federasiyasının prezidenti Canay Güllü noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan yan tədbirdə bildirib.
"Qadın hərəkatları Türkiyədə bir çox uğurlara imza atıb. Qadın hüquqlarını müdafiə edən və cins fərqi qoymayan təşkilatlar mütləq dövlət təşkilatları ilə paralel və birlikdə işləməlidirlər. Bizim üçün önəmli olan qadın hərəkatları ilə dövlət qurumlarının dialoqunu təşkil etməkdir. Baş verən zorakılıqların qarşısını almaq üçün planlar hazırlayırıq",- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.