...

İrəvanın dərdi var, İrəvan xəstədir: Bir absurd yalanın tarixçəsi

Siyasət Analytics 29 Noyabr 2023 12:12 (UTC +04:00)
İrəvanın dərdi var, İrəvan xəstədir: Bir absurd yalanın tarixçəsi
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Məğlub cəmiyyətdə çoxlu fobiyalar yaranır ki, bunların arasında da ilk yeri natamamlıq kompleksi ilə aqressiyanın birləşməsinin yaratdığı yanlış təsəvvürlər təhlükəsidir.

44 günlük İkinci Qarabağ Müharibəsi sadəcə, Ermənistanın kapitulyasiyası olmadı. 300 ildən bəri dünyadakı bütün ermənilərin şüurlarında daşıdıqları idefikslər dağıldı, saxta tarixə və uydurma iddialara əsaslanan təsəvvürlər parçalandı.

Xankəndindəki separatçı xuntanın könüllü aqoniyası, sonra da qarabağlı ermənilərin Ermənistana köçü Azərbaycanda erməni separatizminə son qoydu.

Halbuki 1918-ci ildən bəri ermənilərdə sümükləşmiş təsəvvürlərdən biri də "Qarabağda ermənilər əbədi söz sahibi olacaqlar" narrativi idi.

Ermənistanın ordusu indi hərbi birləşmələr toplusu, xarici siyasəti bütünlüklə kənardan idarə olunan primitiv mexanizm, cəmiyyəti isə çox ağır depressiyada və ümidsizlikdə çırpınaraq özünə yeni milli ideologiya arayan insanlar cəmidir.

Əfsuslar olsun ki, tarixin dərslərindən heç zaman heç bir dürüst nəticə çıxarmayaraq tam zidd davranış nümayiş etdirən ermənilər məhz öz davranışlarının, təfəkkürün və düşüncə tərzlərinin məhsulu olan məğlubiyyətlərlə bəlaları başqalarının əməllərinin sonucu sayırlar.

İndi də belədir və situasiyanqı ağırlaşdıran əlavə ünsür Ermənistandakı revanşizm, ifrat millətçilik, troqlodit şüuru qatındakı irqçilik və dözülməzlikdir.

Sadalanan fobiyaların toplusu isə isterik davranışla yanaşı, xof və təlaş doğurur.

Bu isə artıq siyasi və ya sosial yox, psixi problemlərdir.

Ermənistandakı kütləvi informasiya vasitələri, xüsusilə də sosial şəbəkələrin erməni seqmenti illüziyalarla qarabasmalardan qurtula bilmədikləri üçün ənənəvi feyk, saxta məlumat və yalan istehsalını davam etdirirlər.

Son olay bəhs etdiyimiz məqamlara bariz nümunə sayıla bilər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “İntellekt” adlı bilik yarışması keçirilib.

Üç turdan ibarət bilik yarışmasına Heydər Əliyev adına Hərbi İnstitutun və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından, eləcə də Bakı Qarnizonunun hərbi qulluqçularından ibarət doqquz komanda qatılıb.

Gərgin bilik mübarizəsi şəraitində keçən yarışmada Hərbi Dəniz Qüvvələrinin matrosları 1-ci, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları 2-ci, “N” hərbi hissəsinin əsgərləri isə 3-cü yerə layiq görülüblər.

Sonda qalib komandalara mükafatlar təqdim edilib.

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) da bu barədə xəbər yayıb.

Qeyri-adi sayılmayacaq olaydır.

Amma sonrakı hadisələr adilik məcrasından çıxaraq marazma, hətta idiotizmə çevrilir.

Amerikalı jurnalist, ermənipərəstliyi artıq ruhi xəstəlik səviyyəsinə çatmış Lindsi Snell X sosial şəbəkəsində paylaşım edir: "Azərbaycan Silahlı Qüvvələrinin İdeoloji və Mədəniyyət Mərkəzində azərbaycanlı əsgərlər üçün viktorina keçirilib. "Qoca ermnəi əsirin başını ov bıçağı ilə kəsmək üçün nə qədər vaxt gərəkdir?""

Daha sonra Ermənistanın baş nazir Nikol Paşinyan administrasiyasının media resursu olan "Bagramyan 26" Telegram kanalı sərsəm Snellin feykini paylaşır, məlumatı Trend-in xəbəri ilə tutuşdurmadan yayır.

Bir qədər keçir, feyki Rusiyada yaşayan və özünü "siyasi şərhçi" sayan erməni Mina Xaçatryan paylaşaraq "şərh" edir.

Ermənilər də həmin feykə yazdıqları şərhdə qorxu, nifrət, təlaş və hiddətə qapılaraq, isterika nümayiş etdirirlər.

Günlərin birində Fransa parlamentində və ya AŞPA-da "müstəqil, qətiyyətli demokrat" kimi tanınan siyasətçilərdən biri "Azərbaycanda hərbi məktəblərə imtahanlar zamanı erməni qocaların başlarını necə tez kəsməklə bağlı suallar verilir" söyləsə, təəccüblənməyin.

Ermənistanın mövcud xarici siyasəti və media taktikası məhz belə feyklər, absurd məlumatlar və yalanlar üzərində qurulub.

Əsrlərlə yalanların əsiri olan, uydurma tarixi ilə qürrələnən, dünyadakı elmi kəşflərin və ixtiraların az qala hamısının müəlliflərinin erməni olduqlarına əsla şübhə etməyən, ən nəhayət bütün qonşu dövlətlərə qarşı ərazi iddialarını tam normal sayan toplumun formalaşması narahatlıq doğurmaya bilməz.

Sözügedən problem daha çox ermənilərin özləri üçün təhlükəlidir, çünki bitmək bilməyən nifrət, aqressiya, dözülməzlik, milli natamamlıq kompleksini doğuran qisasçılıq, revaşizm, terrorçularla nasistlərin milli qəhrəmanlar panteonuna yüksəldilməsi, türk etnosunun daimi düşmən bilinməsi cəmiyyətin bitkinliyindən və mənəvi sağlamlığından xəbər vermir.

Çağdaş Ermənistanın mass-mediasında, siyasi mühitində və xüsusilə də cəmiyyətində Azərbaycanla bağlı nə varsa, əksinə əxz edilir. Erməni sosiumunda bilərəkdən, məqsədli şəkildə islamofobiya və türkofobiya meylləri ifrata çatdırılır, azərabycanlılarla ermənilərin birgəyaşamının “genetik səbəblərdən dolayı mümkünsüzlüyü” təbliğ olunur.

Proses bilavasitə dövlət qurumları tərəfindən dəstəklənərək idarə olunduğundan, Ermənistanın monoetnik dövlətə çevrilməsinin səbəblərinin geniş təhlilə, yaxud araşdırmaya zərurəti yoxdur.

Bütün məqamlar ilk baxışda asanlıqla təsbit olunur: Cənubi Qafqazda sülh, stabillik və birgəyaşam prinsiplərinin bərqərar olmasında maraqlı olmayan qüvvələr daha da fəallaşıblar.

Məqsəd bölgəni spontan gərginlik, bitmək bilməyən problemlər arealına çevirməkdir.

Depressiv psixoz həddinə çatdırılmış uğursuzluq, natamamlıq və ümidsizliyin simbiozu Ermənistanda əfsuslar olsun ki, “Napoelon kompleksi” yaradıb.

“Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxarda bilmədi" deyiblər atalar. Amma nə edəsən ki, məsələ ermənilərə gələndə, onlar dəlinin daş atdığı quyunun ətrafına yığışaraq hərəsi bir daş atır, sonra da özlərinə əl qatırlar ki, bəs qoymayın, quyu bunları öldürmək istəyir.

Absurdun ən üst səviyyəsi də elə bu deyilmi?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti