Bakı. Trend:
6 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB)
Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini
qəbul edib.
XİN-dən Trend-ə bildirilib ki,
görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi,
habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti
seçkilərindən irəli gələn məsələlər müzakirə olunub.
MDB məkanında qanunvericilik orqanları arasında təmasların
qurumasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası
Assambleyanın əhəmiyyəti vurğulanıb.
Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi,
humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu
olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə
çatdırılıb.
Nazir Ceyhun Bayramov 7 fevral tarixində 30 illik işğaldan sonra
ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində növbədənkənar
Prezident seçkilərinin baş tutacağını, torpaqlarından didərgin
düşmüş vətəndaşlarımızın işğalan azad olunmuş ərazilərimizdə
seçkilərdə iştirak edəcəyini bildirib. Habelə xarici ölkələrdəki
vətəndaşlarımızın seçki hüququnun təmin olunması istiqamətində
Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü,
xarici ölkələrimizdəki diplomatik nümayəndəliklərimizdə müvafiq
seçki məntəqələrinin yaradıldığı diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.