Bakı. Trend:
Qazaxıstan Respublikasının Prezidenti hörmətli Kasım-Jomart Tokayev martın 11-də ölkəmizə dövlət səfərinə gəlib və cənab Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. İki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclası keçirilib. Azərbaycan və Qazaxıstan tarixən iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi vəziyyətdən asılı olmayaraq, əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayıb və müstəqil dövlət olaraq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı münasibətlər çərçivəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışı zamanı ölkə başçısı İlham Əliyev bildirmişdir ki, “Bu gün qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi sahəsində artıq görülmüş işlərlə bağlı ətraflı diskussiyalar apardıq, həmçinin gələcək planlarımızı geniş müzakirə etdik. Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq”.
Eyni zamanda cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”. Qeyd etmək lazımdır ki, işgüzar səfər zamanı cənab İlham Əliyevlə birlikdə Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər və 12 mart tarixində isə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazi adına UşaqYaradıcılıq Mərkəzinin açılışında iştirak etmişlər. Füzuli şəhərində Qazaxıstan dövləti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası ölkələrimizin bir-birinə tarixi bağlılığının, xalqlarımızın dostluğunun və qardaşlığının bariz nümunəsidir.
Ölkə başçısı mətbuata bəyanatı zamanı qeyd etmişdir ki, “Həmçinin ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdik. Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.
Bu gün Azərbaycan regionda ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi, iqtisadi əlaqələrə malikdir. Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Xalqlarımızın dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından yaxınlığı və ortaq tarixə malik olması bu əlaqələrə müsbət təsir göstərən ən mühüm amillərdən biridir. Azərbaycanla Qazaxıstanın qədim tarixi köklərə bağlı olan münasibətləri bu gün yeni bir müstəviyə qədəm qoymaqdadır.
Milli Məclisin deputatı,
Rauf Əliyev