Bakı. Trend:
Bu günlərdə Azərbaycan daha böyük bir beynəlxalq tədbirə, enerji sənayesinin liderlərini bir araya gətirən, 37 ölkədən 300-dən artıq şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Bakı Enerji Həftəsi dünya üçün vacib olan enerji məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycan dünyanın enerji siyasətində vacib rol oynayan bir ölkəyə çevrilib.
“Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də, dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib.
Ölkəmiz bu istiqamətdə beynəlxalq əməkdaşlığını daha da genişləndirir. Azərbaycan həm də dünyada etibarlı tərəfdaş imici qazanıb və ölkəmizə bu istiqamətdə investisiya qoymaq istəyən ölkələrin sayı artmaqdadır. Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə etməklə Azərbaycanın rolunu və nüfuzunu daha da artırır”, - deyə deputat əlavə edib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.
“Hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji marşrutları mövcuddur. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur.
Elektrik enerjisi xətlərinə gəldikdə, Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac edilməsi planlaşdırılır. Bütün bunlarla yanaşı, Azərbaycan qlobal enerji təhlükəsizliyinin qorunmasında da özünü məsuliyyətli ölkə kimi aparır. Ölkəmiz üçün elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir”, - deyə deputat əlavə edib.
A.Həsənova vurğulayıb ki, eyni zamanda Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
“Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə beynəlxalq təşkilatlar, dünyanın bu sahədə ixtisaslaşan iri şirkətləri ilə müqavilələr imzalanıb, bərpa olunan enerji stansiyaları, o cümlədən Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur”, - deyə o vurğulayıb.