...

Azərbaycanla Pakistan münasibətləri hər zaman qarşılıqlı etimada əsaslanır - Rauf Əliyev

Siyasət Materials 18 İyul 2024 10:16 (UTC +04:00)
Azərbaycanla Pakistan münasibətləri hər zaman qarşılıqlı etimada əsaslanır - Rauf Əliyev

Bakı. Trend:

Ölkə başçısı cənab İlham Əliyevin cari ilin 11 iyun tarixində Pakistana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin yeni səhifəsinin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsi zamanı ölkələrimiz arasında əlaqələrimizin müxtəlif sahələrdə uğurlu inkişafının təmin edilməsi üçün mövcud imkanlar geniş müzakirə edilib və Azərbaycanla Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir.

Cari ilin iyulun 11-də İslamabadda cənab İlham Əliyev mətbuata bəyanatla çıxış edib və bildirmişdir ki, “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq. Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”. Qeyd etmək lazımdır ki, səfər zamanı cənab İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə geniş tərkibdə görüşlər keçirib və bir sıra dövlətlərarası sənədlər imzalanıb. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənəd imzalanıb. Hər iki dövlət arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir və bu günə kimi ölkələr arasında 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Hər bir sənəd Azərbaycanla Pakistan münasibətlərini yeni istiqamət üzrə inkişafını təmin edir. Dövlət başçısı cənab İlham Əliyev Pakistana olan səfərin mahiyyətini və perspektivləri özündə ehtiva edən mətbuata bəyanatında planların çoxluğunu önə çəkərək bu əminliyi də ifadə etdi ki, bütün imzalanan sənədlər hamısı icra ediləcək. Ölkələrimiz arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkənin bir-biri ilə dostluq əlaqələri inkişaf edən xətt üzrə yüksəlməkdədir. Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi işğalçı Ermənistanla diplomatik əlaqələr qurmayıb və Ermənistanı dövlət kimi tanımayıb. Eyni zamanda Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək məqsədilə Xocalı faciəsini genosid kimi tanıyıb. Pakistanla Azərbaycan arasındakı əlaqələr bir-birinə sıx dostluq münasibətləri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə ölkələrimiz arasında olan əməkdaşlıq, xalqlar arasında ənənəvi dostluq, qarşılıqlı etimadın təzahürüdür.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti