Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-yə işgüzar səfəri çərçivəsində ABŞ hökumətinin rəsmi nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bu görüşlərdə Bakı ilə İrəvan arasında normallaşma, eləcə də Azərbaycan-ABŞ əməkdaşlığı kimi mövzular müzakirə edilib
Trend xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin, eləcə də, ölkənin BMT yanında daimi nümayəndəliyinin məlumatında deyilir.
Səfirliyin məlumatına görə, E.Əmirbəyov ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim, Avropa və Avrasiya məsələləri üzrə Mərkəzi Asiya Ofisinin direktoru Brayan Stimmler, müdafiə nazirinin köməkçisinin müavini Lora Kuper və Nebraska senatoru Pit Riketts ilə görüşüb.
"İkitərəfli gündəliyi, sülh prosesindəki hazırkı vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparılıb", - diplomatik nümayəndəlikdən bildiriblər.
Bundan başqa, Elçin Əmirbəyov ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış təhlil mərkəzlərinin nümayəndələri ilə görüşüb. Tədbirdə Azərbaycan-ABŞ münasibətləri, davam edən Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, E.Əmirbəyov Nyu-Yorka işgüzar səfəri çərçivəsində BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo ilə görüşüb və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərini, eləcə də regionda baş verən son hadisələr müzakirə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)